XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 13:56

DGK:"Lüks avtomobillərin aksizlərinin artırılması vacibdir"

mirqasim-vahabov

Bu il Azərbaycana 198 ədəd lüks avtomobil idxal olunub

"İdxal mallarından buğda və buğda ununun, eyni zamanda daxil olan məmulatların ƏDV-dən 3 il müddətinə azad edilməsi bugünkü reallığa tam uyğundur".

Strateq.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.

"Özümüzdə daxili istehsal olsa da, idxaldan müəyyən qədər asılılığımız var. Avtonəqliyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi də önəmli hallardan biridir. Ötən ilin 11 ayı ilə müqayisədə ümumilikdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin say həcmi 82% azalıb. Yəni cəmi 25 min ədəd avtonəqliyyat vasitəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuşdusa, bu il isə 4800-dən bir qədər çox avtonəqliyyat vasitəsi idxal olunub. O cümlədən bu istiqamətdə vergi 94,5 milyon manat az toplanıb.  Bu gün Azərbaycan ərazisində 2 milyona yaxın avtonəqliyyat vasitəsi var. Mühərrikinin həcmi daha yüksək olan lüks avtonəqliyyat vasitələrinin aksizlərin qaldırılması məsələsi vacibdir. Ötən ilin 11 ayında mühərrikinin həcmi 5000 kubsantimetrdən yüksək olan 160 avtonəqliyyat vasitəsi idxal edilib, onun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərə görə gətirilib. 2016-cı ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub. Onun 1 ədədi güzəştli qaydada idxal olunub. Deməli, imkan var. Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin idxalı 82% azalıb, ancaq lüks avtomobil  baxımından istehlakçıların sayı daha da artıb".

M.Vahabov əlavə edib ki, xəz dəri məmulatlarının da aksiz vergisinə cəlb olunması zəruridir: "Ölkələr var ki, xalça məmulatlarını da aksiz vergisinə cəlb edirlər. Bu gün istehlak bazarında kifayət qədər xəz dəri məmulatları var. Ona görə də bu malların aksiz vergisinə cəlb olunması zəruridir. Vergi Məcəlləsinə edilən dəyişiklik büdcənin gəlirlər hissəsinin formalaşmasına şərait yaradacaq".

Strateq.az