Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ölkənin Milli Günü münasibəti ilə rəsmi qəbul təşkil edib.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Yusif bin Həsən əl-Sai Qətərlə Azərbaycan arasındakı əlaqələrdən söz açıb. Səfir bildirib ki, Qətər Dövləti ilə Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edir. Onun sözlərinə görə, Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin 7 mart 2016-cı il tarixində Azərbaycana etdiyi səfər iki ölkə arasında iqtisadiyyat və investisiya sahələrindəki əlaqələrin güclənməsinə güclü təkan verib. Həmin səfər zamanı iqtisadiyyat və investisiya sahələrindəki əməkdaşlığa yeni səhifə açmış bir sıra mühüm sazişlər imzalanıb: “Kənd təsərrüfatı, turizm, və tikinti sahələrində investisiyalar üçün münbit şəraitin olması fonunda əsas hədəf iki dost ölkə arasındakı əməkdaşlığın həqiqi strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasıdır”. Yusif bin Həsən əl-Sai bildirib ki, növbəti ilin əvvəllərində prezident İlham Əliyevin Qətərə nəzərdə tutulan səfəri, iki ölkəni birləşdirən qarşılıqlı xoş münasibət və ehtirama əsaslanan möhkəm təməllərdən, habelə ticarət və investisiya səhələrindəki əməkdaşlığın daha da güclənməsi istəyindən qaynaqlanaraq dost ölkələrimiz arasındakı əlaqələrə öz töhfəsini verəcək.
Azərbaycan hökuməti adından Qətər xalqını təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib ki, ötən 45 il ərzində uğurlu inkişaf yolu keçən Qətər Dövləti dünya birliyinin bir çox regional və qlobal problemlərin həllində kostruktiv rol oynayan, beynəlxalq münasibətlərdə ədalətli mövqe nümayiş etdirən, güclü iqtisadiyyata malik layiqli bir üzvünə çevrilib. Azərbaycanla Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə toxunan nazir qeyd edib ki, bu dostluq münasibətlərin əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə – 1994-cü ildə diplomatik əlaqələrin qurulması ilə qoyulub. Yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin daha da genişləndirilməsini təmin edir. K.Heydərov deyib ki, Azərbaycan və Qətər beynəlxalq səviyyədə mühüm əhəmiyyətli məsələlərin həllində daim bir-birinə dəstək verməkdədir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qətər Dövlətinin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsini yüksək qiymətləndiririk” deyən nazir, hazırda iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar açılır: “Ölkələrimiz arasında iqtisadi, texniki, ticarət, kənd təsərrüfatı, turizm, sərmayələrin təşviqi və qarşılıqlı qorunması istiqamətində bir sıra saziş və anlaşma memorandumları imzalanıb, münasibətlərin inkişafı üçün mühüm addımlar atılıb. Fəaliyyətə başlamış Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya da mövcud əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək”.
Nazir əlavə edib ki, Azərbaycan və Qətər fövqəladə hallarla mübarizə və mülki müdafiənin təşkili sahəsində də sıx əməkdaşlığı mövcuddur. Qarşılıqlı səfərlər, Azərbaycanla Qətər arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında imzalanmış saziş iki ölkənin uyğun qurumları arasında əlaqələrin yüksələn xətlə inkişafına xidmət edir.
L.SƏMLA