Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova hadisə zamanı çəkilən videogörüntülərin cinayət işi sənədlərinə əlavə olunması və hüquqlarını müdafiə etdiyi şəxsin ibtidai istintaqa ifadəsinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə kollegiyası vəsatəti təmin etməyib.
Vəkillər cinayət işi üzrə bəzi ekspertlər və şahidlərin məhkəməyə çağırılaraq dindirilməsi haqqında vəsatət qaldırıblar.
Prosesdə "Dərnəgül Boru" Zavodunun direktoru Məhəmməd Abbasovun da məhkəməyə şahid qismində dəvət edilməsi ilə bağlı vəsatət qaldırıb.
Vəsatətlərə münasibət bildirən təqsirləndirilən M. Mahmudov binanın qəsdən yandırıldığını və Xətai rayonunda yerləşən bina və Veteranlar Şurasının binasının yanmasının da bu hadisə ilə birbaşa əlaqəli olduğunu qeyd edib.
Məhkəmə vəsatətləri təmin etməyib. Sonra məhkəmə istintaqının tamamlanması ilə bağlı qərar qəbul edilib.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses dekabrın 20-də davam etdiriləcək.