XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2016 - 12:11

Zakir Həsənov ABŞ-ın nəqliyyatkomandanı ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə onlara ətraflı məlumat verib.

Z.Həsənov bölgədə nüvə təhlükəsizliyinin gücləndirilməsi məsələsinə də toxunaraq vurğulayıb ki, bu, təkcə region üçün deyil, həm də dünya üçün ciddi bir problemdir.

Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən danışan general-polkovnik qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən ABŞ-ın nəqliyyat komandanı da ölkələrimiz arasında səmərəli hərbi əməkdaşlığı yüksək qiymətləndirib.

Tərəflər ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də müzakirə ediblər.