XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 Mart 2015 - 19:20

“Fəvvarələr meydanındakı aksiya danışılmış idi”
Martın 1-də Müsavat Partiyasının qərargahında Nida Vətəndaş Hərəkatı növbəti maarifləndirici tədbirini keçirib. “Azərbaycanda iqtisadi vəziyyət: İnkişaf, yoxsa böhran?” adlı müzakirə təşkil edilib. Lektorlar iqtisadçı-ekspert Natiq Cəfərli və politoloq Ərəstun Oruclu olub.
Tədbirdə iştirak edənlərdən birinin verdiyi suala ekspertlər maraqlı cavablar veriblər. Fevralın 28-də Fəvvarələr meydanında ölkədə manatın ucuzlaşmasından sonra yaranmış süni qiymət artımına qarşı etiraz aksiyası keçirilmişdi. Milli Şura isə martın 15-ə eyni səbəblə “Məhsul” stadionunda icazəli aksiya keçirmək niyyətindədir.
Sual da bununla bağlı olub. “Fəvvarələr meydanındakı icazəsiz aksiyada həm insanların sayı az idi, həm də onlarda çox da qəzəb görmədim. Bizə bu aksiya bir az şübhəli gəldi. Və Milli Şura martın 15 də “Məhsul” stadionunda icazəli mitinq keçirəcək. Sizcə bu hazırkı durumda nə qədər doğrudur?” sualına, ekspertlər belə cavab veriblər:
“Bu aksiya anlaşılmış bir şey idi “
Politoloq Ərəstun Oruclu: “Nə mən, nə də bir başqası o mitinqin təşkilatçısını tanımırdı. Məncə bu özü hər şeyi deyir. Düzdür, ola bilər ki, bu həqiqətən də etirazı olan insanlardır. Bu da bir ehtimaldır. Amma mən müşahidə etdim ki, aksiya bitən kimi polislər ərazidən uzaqlaşdılar. Deməli, bu aksiya anlaşılmış bir şey idi. Mən belə düşünürəm. Əks halda polis orada qalmalı idi, MTN əməkdaşları ərazidə qalmalı idilər. Amma belə olmadı.
O ki qaldı 15 martda keçirilməsi planlaşdırılan aksiyaya, məncə, onun da heç bir effekti olmayacaq. Birincisi artıq “Məhsul” stadionu insanlarda neqativ reaksiya doğurur, qıcıq yaradır. İkincisi o şərait yoxdur. Hələ insanlara nə baş verdiyi tam olaraq çatmayıb. Hakimiyyət də öz növbəsində sərt qiymət addımları atır. Ona görə mən düşünürəm ki, bu mitinqin nəyəsə faydası olmayacaq. Nə ictimai rəyə, nə də reallığa”…
“Mən də yəqin ki, gedib, o mitinqdə iştirak edəcəyəm”
İqtisadçı-ekspert Natiq Cəfərli: “Mənim də həmin aksiyadan xəbərim oldu. Fotoşəkillər və videoları görmüşəm. Mən bir şeyi dəqiq bilirəm ki, Azərbaycan əhalisi hələ nə baş verdiyini dərk etməyib. İnsanların bunu dərk etməsi təqribən 3-5 ay çəkəcək. çünki insanlarda hələ də nəsə ümid var. Bəzilər düşünürlər ki, hakimiyyət qiymətlərin qalxmasına, böhran olmasına imkan verməz. Bəziləri isə Avropa Oyunlarından sonrakı günlərə dəyişiklik olacağına ümid edirlər. Bəlkə oyunlardan sonra hər şey normallaşacaq deyə fikirləşirlər. Yəni hələ də bu gözləntilər var. Ancaq bu yalançı gözləntilər bitdikdən sonra, proseslər hər cür formada inkişaf edə bilər. Ola bilsin ki, etirazlar rayonlardan və ya Bakıdan başlayacaq. Yəni camaat böhranı hiss etdikcə, onlarda etiraz gücü yaranacaq.
İnsanlarda sistemə olan inam sarsılıb. İllərdir manat siyasi sabitliyin simvolu idi. Bu haqda böyük sözlər sərf edirdilər. Artıq bu simvol dağıldı. 15 martda keçiriləcək aksiya haqqında bir söz deyə bilərəm. Etiraz etmək hər kəsin hüququdur. Mən də yəqin ki, gedib, o mitinqdə iştirak edəcəyəm”.