"Gürcüstan öz ordusunun ali zabit heyətini ciddi şəkildə ixtisar edəcək".
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Müdafiə naziri Levan İzoriya söyləyib.
“Hazırda bizim orduda 266 polkovnik var. Onlardan yalnız 155-i real xidmət keçir. Biz onların sayını 100-ə qədər azaltmaq istəyirik”.
Gürcüstanın “Arsenal” jurnalı isə orduda yüksək rütbəli zabitlərin ixtisarının səbəblərini müəyyən etməyə çalışıb. Jurnal Tiflisin bununla ordunu gəncləşdirmək istədiyini bildirib:
“Gürcüstan ordusunda polkovnik üçün yaş senzi 55-dir. Bundan əlavə vitse-polkovniklər 50, kapitanlar isə 45 il hərbi xidmət keçə bilərlər. Bu şəxslər çalışırlar ki, ən axırıncı məqama qədər xidmət etsinlər. Nəticədə orduda dövlət hesabına Qərbdə təlim keçmiş gənc zabitlərin karyera artımı zəifləyir. Gənc zabitlər isə bunun ucbatından tez-tez öz istəkləri ilə ordudan ayrılırlar ki, bu da ordunun döyüş qabiliyyətini azaldır”.
Qeyd edək ki, Gürcüstan ordusunun sayı 37 min nəfərdir.
Axar.az