XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 18:41

Nazir:"Strateji yol xəritəsi turizm sahəsində dönüş yaradacaq"

%c9%99bulf%c9%99s-2

Azərbaycan Turizm Şurasının ilk iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, iclasda çıxış edən şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə məlumat verib. Bildirib ki, dövlət başçısının 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülür: “Yeni yaradılmış Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şurasının yaradılması və fəaliyyəti Azərbaycan turizminin inkişafına böyük töhfə verəcək”.

Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə yol xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, turizmin qeyri-neft sektorunda özünəməxsus yer tutması bu sahədə yeni nailiyyətlər əldə edilməsinə gətirib çıxarıb: “Turizm özlüyündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə çalışmalıdır. Biz artıq dövlət başçısının müvafiq sərəncamlarından irəli gələn məsələlərin icrasına başlamışıq. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahədə dönüş yaradacaq və ölkəmizdə turizmin inkişafı üçün yeni bir mərhələ olacaq”.

Ə.Qarayev bildirib ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq: “Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik”.

Nazir indiyədək dövlət qurumları tərəfindən Azərbaycanın tanıdılması üçün müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb: “Bu il ərzində reallaşdırılan uğurlu proqramlar artıq müsbət nəticə verib. Amma təəssüflər olsun ki, bu proqramlar konkret sahələri əhatə etməyib. Bundan sonra qurumlar və digər yerli iş strukturları ölkə turizminin inkişaf etdirilməsi üçün marketinq və təbliğat işlərini bir yerdə həyata keçirməlidirlər. Uğurlu strategiya əsasında həyata keçirilən bütün layihələr ölkə turizminin inkişafına müsbət təsirini göstərəcək. Ölkəmizə həm işgüzar məqsədlərlə, həm də istirahət məqsədilə gələn turistlər arasında beynəlxalq tanınmanın növbəti səviyyəsinə çatmaq və Bakı şəhərinin turizm potensialını artırmaq üçün yaradılacaq Milli Turizm Təbliğat Bürosu bir neçə sahəni əhatə edəcək. Büro gələn il fevral ayının sonunadək tam olaraq fəaliyyətə başlayacaq”.

İclasda şura üzvləri tərəfindən ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, görüləcək işlər və nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb.