“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondunun Avopa İttifaqının dəstəyi ilə icra etdikləri “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində Goranboy rayonunda növbəti təlim keçirilib.
Təlimdə yerli polis, prokurorluq, məhkəmə, ədliyyə və icra hakimiyyəti orqanları əməkdaşlarının məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxsləri müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi barədə bilikləri inkişaf etdirilib. Onlar məişət zorakılığına, xüsusən də ailə daxilində qadınlara qarşı baş vermiş zorakılıq hadisələri qanunvericiliyin nəzərdə tutuduğu hallarda müdaxilə imkanlarını öyrəniblər.
Məişət zorakılığı halları baş verərkən qurbanların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, zərərverən şəxsin qanun qarşısnda cavabdeh saxlanılması ilə bağlı keçirilən praktik məşğələlər, biliklərin yoxanılması və qiymətləndirilməsi üçün test tapşırıqları iştirakçıların marağına səbəb olub.
İştirakçılar öz praktikalarında rastlaşdıqları hadisələr, bu məsələlərlə bağlı qanunvericiliyin tətbiqi ilə bağlı təlimçilərə suallar ünvanlayıblar, öz təcrübələrindən danışıblar.
Məişət zorakılığı halları baş verdiyi zaman müraciət edən şəxslərin hüquqları barədə məlumatlandırılması, müxətlif dövlət qurumları təmsilçilərinin əlaqlərindirilmiş fəaliyyət göstərmələri, bu zaman zəruri prosedurların həyata keçirilməsi də xüsusi diqqət mərkəzində olub.
Eyni zamanda daha çox müraciət olunan polis əməkdaşlarının preventiv tədbir kimi maariflənirmə aparmaları ilə bağlı məsələlər də iştirakçılar tərəfindən geniş müzakirə olunub.
Qeyd edək ki, təlim kursu 15 saat təşkil edib və 3 gün müddətində iştirakçılara “Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, “Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, “Məişət zorakılığı hallarında ilkin müdaxilə”, “İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, “Cinayət Məcəlləsi və məişət zorakılığı halları” mövzularında öz biliklərini artırmaq imkanı əldə ediblər. Bu mövzuları əhatə edən 5 təlim modulu və təlim vəsaiti iştirakçılara paylanıb.
“Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin məqsədi məişət zorakılığı ilə bağlı problemlərin həlli üçün üçün coxtərəfli səylərin göstərilməsi, maarifləndirmə və hüquq-mühafizə və məhkəmə orqanları, yerli icra hakimiyyəti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsidir.
Layihə çərçivəsində Goranboyda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda ictimai fəal xanımların iştirakı ilə dəyirmi masa və 4 saylı orta məktəbdə sağlam ailə modelinin formalaşmasına maarifçilik fəaliyyətləri ilə yardım göstərilməsi məqsədilə 10-11 sinif şagirdləri ilə görüş də keçirilib.
Strateq.az