Moody's beynəlxalq reytinq agentliyi ABŞ hökumətinə 864 mln. dollar cərimə ödəyəcək.
Bu addım 2008-ci ildəki böhran ərəfəsində böyük pozuntularda ittiham olunan şirkət barəsində başladılan təhqiqatın dayandırılması və bütün iddiaların götürülməsi üçün atılıb.
Moody's təqribən 437 mln. dollar ABŞ Ədliyyə Nazirliyinə ödəyəcək, qalan vəsait isə 21 ştatın prokurorluqları arasında paylaşdırılacaq.
Qeyd edək ki, ABŞ hökuməti Moody's beynəlxalq reytinq agentliyini qlobal maliyyə böhranından əvvəl ipoteka istiqrazları üzrə yüksək reytinq qiymətləri verməkdə ittiham edib. Oxşar ittihamlar Standard&Poor's beynəlxalq reytinq agentliyinə qarşı da irəli sürülüb. Sonuncu 1,3 mlrd dollardan artıq məbləğdə cərimələnib. Çünki həmin agentliklərin müsbət qiymətlərinə əsaslanan bir çox investorlar ipoteka kağızlarını əldə etsə də, ancaq bazarı çökdüyü zaman böyük zərər görüblər. Bir çox ekspertlərin fikrincə, ipoteka bazarının süqutu maliyyə böhranının başlanmasına gətirib çıxarıb. (Report)