Hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun cərimə kamerasına salındığı bildirilir.
Bu haqda onun atası Eldar Sabiroğlu xəbər yayıb.
O, oğluna təqib və təzyiqlərin ardı-arasının kəsilmədiyini bildirib: “Bu gün (yanvarın 19-u) cəzaçəkmə müəssisəsi ilə əlaqə saxladım. Oradan məlumat verildi ki, Rüfət Səfərov cəzaçəkmə müəssisəsinin cərimə kamerasına (kars) salınıb. Səbəbini soruşduqda, müəssisə növbətçisi heç bir izah verməyərək R. Səfərovun daxili intizam qaydalarına əməl etmədiyinə görə cəzalandırıldığını bildirdi. Bir daha növbətçidən hansı qaydalara onun əməl etmədiyini soruşduqda yenə heç bir izah vermədi. Qeyd etdi ki, bu, bizim səlahiyyətimiz çərçivəsində deyil”.
O qeyd edib ki, cəzaçəkmə müəssisəsində oğluna çətin durumun yaradıldığını hiss edir.
“Bu, işgəncənin bir növüdür. Oğlumun həyatı üçün ciddi təhlükələrin olacağı qənaətindəyəm. Ona görə də, beynəlxalq təşkilatlardan, ölkədəki insan hüquqlarını müdafiə edən qurumlardan təzyiq və təqib metodlarına diqqət yetirmələrini xahiş edir, əlaqədar hökumət orqanlarından isə basqının aradan qaldırılması üçün ölçü götürmələrini tələb edirəm”, – deyə E.Sabiroğlu bildirib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, hələlik, keçmiş müstəntiqlə bağlı şərh almaq mümkün olmayıb.