Dadayevin vəkilləri bu uyğunsuzluqdan istifadə etməyə çalışırlar
“Коммерсантъ”-a məlum olub ki, müxalif Boris Nemtsovun qatili olduğu güman edilən Zaur Dadayevin ifadələri hadisənin birbaşa şahidinin sözləri ilə təsdiq olunmur. Hər halda, qatil onun təsvirinə uyğyn gəlmir, həm də başqa markalı maşından istifadə edib. Eyni zamanda, şahid hadisə yerini tələsik tərk edən iki şübhəli qadına diqqət yetirib.
İstintaqa yaxın qaynağın məlumatına görə, Boris Nemtsovu müşayiət edən ukraynalı model Anna Duritskaya siyasətçinin qətlinin yeganə şahidi deyil. Aydınlaşdığı kimi, Böyük Moskva çayı körpüsündə həmlə zamanı cütlükdən azca arxada bir firmanın 27 yaşlı meneceri Yevgeni (istintaq onun soyadını çəkmir) gəlirmiş.
Yevgeni ağır rok musiqisinin guruldadığı qulaqcıqları başına keçiribmiş və əsasən, smartfonun monitoruna baxırmış. Buna görə də atəş səslərini eşitməyib və həmlə anını görməyib. Cavan oğlan növbəti dəfə yola baxarkən səkidə qabağınca gedən tənha cütlüyün əvəzinə bir yığın insan görüb. Eyni zamanda, əvvəlcə rəfiqəsiylə gedən kişi (bu isə Boris Nemtsov idi) körpünün sürahisi yanında səkidə uzanıbmış. Onun qızı (Anna Duritskaya) yerə yıxılanın yanında durmuşdu, daha bir kişi isə (ehtimal olunan qatil) bu anda səkidən tullanıb.
Yevgeni qaçanın kürəyini görüb. Onun məlumatına görə, bu, arıq cüssəli, 4 sm-ə yaxın qısa qara saçlı, ortaboylu kişi idi. Cavan oğlan görüb ki, soyuğa və küləyə baxmayaraq, qaçan gödəkçəsiz olub. Kişinin əynində yiyəsinin ölçüsünə görə olduqca böyük göy cins və onun dediyinə görə, həmçinin “kisəsayaq” kapyuşon var idi. Bütün bu təsvir sonradan qətldə ittiham edilən idman cüssəli, gövdəli kişiyə – Dadayevə uyğun gəlmir.
Yevgeninin məlumat verdiyi kimi, qaçan ölkə istehsalı olan, “Priora”ya oxşar maşının arxa oturacağına əyləşib. Lakin istintaq sonradan müəyyənləşdirib ki, qatillər ZAZ Sens-də aradan çıxıblar.
Şahid həm də hadisə yerində ona son dərəcə qəribə görünən daha bir cütlük görüb. Yerə uzanmış kişinin yanında, necə olubsa, qız və orta yaşlı, qara şubalı bir qadın peyda olub. Onlar yerə yıxılanın rəfiqəsindən bir-iki kəlmə söz soruşaraq səkidən ayrılıb çayın sahilinə enən pilləkənlərlə cəld aşağı düşüblər.
Nəhayət, Yevgeni üçün daha bir yeni obyekt hadisənin baş verdiyi səkidən azca irəlidə dayanmış qaryığan maşın olub. Şahidin sözlərinə görə, uzanmış adamın rəfiqəsi əlində mobil telefon öz yoldaşı ilə qaryığan maşının arasında qaçırdı. Lakin, görünür, sürücü ilə onun söhbəti qısa olub. Maşın bir neçə saniyəliyə dayanaraq şüşəni azca endirib sonra yoluna davam edib.
Yevgeni kişiyə sarı əyilərkən o, üzü sürahiyə tərəf uzanmışdı. Şahidin təsdiq etdiyi kimi, yıxılan sağ idi – hər halda, “ondan xırıltı və ya inilti eşidilirdi”. Yevgeni onu qaldırmağa cəhd edib, lakin sifətinin yanında qusuntu görüb, sadəcə qət edib ki, sərxoşdur və qızdan soruşmağa başlayıb ki, nə baş verib?
Yevgeninin sözlərinə görə, o, olduqca sarsılmış və qorxmuş görünürdü. Hey “Ona nə olub? Ona nə olub?” və “Bircə məni burda tək qoymayın!” təkrar edərək ağlayırdı. Nəhayət, qız Yevgeniyə bildirib ki, onun yoldaşını güllələyiblər. Onda cavan oğlan bir də kişiyə yaxınlaşıb və ona bircə əmin olmaq qalır ki, adam keçinib.
Yevgeni deyir: “Yıxılanın paltarında güllədən kiçik yırtıqlar gördüm. Birtəhər kömək etmək ümidilə başını qaldırdm, lakin gördüm ki, kişinin gözləri artıq şüşə kimidir”.
Vəkillər günahını boynuna almış Zaur Dadayevlə şahidin ifadəsindəki uyğunsuzluqları Dadayevin qətlə dəxli olmamasının sübutu kimi istifadə etməyə çalışırlar.
Qeyd edək ki, Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində Kremlin yaxınlığında öldürülüb. Qətl vaxtı Ukrayna vətəndaşı Anna Duritskya onu yanında imiş. O, istintaqa ifadə verən kimi, Rusiyanı tərk edib.
Qaynaq: İnterfax.ru