Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani Azərbaycana səfər edəcək.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun T. Tsulukiani ilə görüşü zamanı bildirilib.
Gürcüstanın ədliyyə naziri Azərbaycana rəsmi səfərinin dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edəcəyini qeyd edərək, ölkəmizə xüsusi hörmət və ehtiramının olduğunu bildirib. O, ölkəmizin beynəlxalq təşkilatlarda dəstəklənməsi, ədliyyə sahəsində əlaqələrin inkişafı istiqamətində müvafiq işlərin görülməsi, habelə təcrübə mübadiləsində köməklik göstərməyə hazır olduğunu deyib.
D. Həsənov isə nazirin Azərbaycana səfərinin uğurlu və məhsuldar olmasını arzulayıb. Səfir iki ölkə arasında daim inkişaf edən münasibətlərin tarixlər boyu dostluq və qardaşlığa söykəndiyini bildirib, bu əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Tərəflər iki ölkə arasında ədliyyə sahəsində əlaqələrin inkişaf perspektivlərini, penitensiar, notarial və digər sahələr üzrə müzakirələr aparıblar, eləcə də ədliyyə akademiyaları arasında birbaşa əlaqələrin qurulması imkanlarını, təcrübə mübadiləsi, müqavilə-hüquq bazasının genişləndirilməsini nəzərdən keçiriblər.