Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Sumqayıt şəhərində olub. Səfər çərçivəsində səfir Sumqayıt şəhər İcra Hakimiyyətinin başcısı Zakir Fərəcov və bələdiyyə sədri Sultan Əsədovla görüşüb.
Səfirlikdən “Strateq.az”a verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycanın üçüncü böyük şəhərinin inkişafı və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb. M.Kindsqrab Sumqayıtda alman şirkətləri ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən iki müəssisənin iqtisadi potensialı ilə tanış olub.
BASF Caspian şirkətinin direktoru Azərbaycan bazarında olan planları haqqında təqdimat edib. Səfir həmçinin, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, deputat cənab Muxtar Babayev və “Uniper” alman enerji konserninin vitse-prezidenti Uve Fiplə birlikdə SOCAR və “Uniper” şirkətlərinin birgə lahiyəsi olan qaz turbinli elektik stansiyasına baş çəkib. Xatırladaq ki, bu birgə layihənin əsası 2016-cı ilin may ayında qoyulub və layihənin əsas məqsədi Azərbaycanda qaz turbinli elektrik stansiyada buxar və elektrik istehsalı zamanı enerji effektivliyinin artırılması və atmosferə atılan karbon qazlarının azaldılmasıdır. Sumqayıt Azərbaycanda yeganə şəhərdir ki, Almaniya şəhərlərindən biri ilə (Lüdviqshafen) şəhərlərin əməkdaşlığı proqramı həyata keçirir. Bu ilin may ayında bu əməkdaşlığın 40 illik yubileyi qeyd ediləcək. Səfir Şəhərlərin əməkdaşlığı proqramı çərçivəsində yaradılan Sumqayıt dil mərkəzində olub. O, məktəblərarası mübadilə proqramı əsasında bir il müddətinə Sumqayıt məktəbində təhsil alan alman və bu proqramın məzunu olmuş azərbaycanlı şagirdlərlə söhbət edib.
M.Kindsqrab Sumqayıt Paralimpiya idman kompleksində Azərbaycan milli paralimpiya idman komandasının məşqçiləri ilə də görüşüb. Görüşdə cüdo üzrə çoxqat Avropa və Dünya çempionu, görmə əngəlli İlham Zəkiyevlə də söhbət edib.
Xatırladaq ki, 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Azərbaycanda səfiri olan Mixael Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə səfərlər hayata keçirir.
L.SƏMLA
Strateq.az