Türkiyənin xarici diplomatik missiyalarında ölkə Konstitusiyasına dəyişikliklər edilməsi üzrə referenduma hazırlıq martın 27-də başlayacaq və aprelin 9-da başa çatacaq.
Bu ölkənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Bakıdakı diplomatik missiyada səsvermə səhər saat 9-da başlayacaq və axşam saat 21-dək davam edəcək.
Səfirlikdən, həmçinin Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının hansı gün səs verəcəyi ilə bağlı məlumatın sonra veriləcəyi açıqlanıb.
Həmçinin qeyd olunub ki, Türkiyə vətəndaşları Türkiyə Mərkəzi Seçki Komitəsinin saytında səsvermə siyahılarında adlarını yoxlamalıdır. Siyahıda adları olmadığı təqdirdə fevralın 17-dək səfirliyinin konsulluq bölməsinə qeydiyyatdan keçmək lazımdır.
Xatırladaq ki, Türkiyədə Konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendum bu il aprelin 16-da keçiriləcək.