NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarından vaz keçərək öz ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırıb.
Y.Stoltenberq bunu Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“NATO Gürcüstanın ərazi bütövlüyü və təhlükəsizliyinə sıx bağlıdır. Biz Rusiyanın Gürcüstanın regionları – Abxaziya və Cənubi Osetiya ilə əlaqələrini dərinləşdirməsindən narahatlıq keçiririk. Biz Rusiyanı bu regionları tanımaq qərarından imtina etməyə və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırırıq”, – deyə baş katib vurğulayıb.
Y.Stoltenberq NATO-nun Gürcüstanla əməkdaşlığı davam etdirəcəyini və bu ölkəyə NATO-ya üzvlük yolunda irəliləməsi üçün müvafiq praktik vasitələr təqdim edəcəyini söyləyib.
Xatırladaq ki, 2008-ci ildə Cənubi Osetiyadakı müharibədən sonra Rusiya bu bölgəni və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. /APA