Netanyahu: “İran-Lozanna-Yəmən oxu bütün insanlığa təhlükədir”
“İsraelİnfo” xəbər portalı yazır ki, İsrail baş naziri Binyamin Netanyahu bu gün hökumətin iclasını açaraq bildirib: “Mən indicə respublikaçıların lideri, senator Makkonellə danışdım, ötən istirahət günü isə demokratların lideri, senator Harri Ridlə danışmışam. Hər ikisindən İsrailə ikipartiyalı, möhkəm və etibarlı dəstək haqqında eşitdim ki, bu, əlbəttə, çox önəmlidir. Mən İranla nüvə razılaşması üzrə danışıqların gedişindən çox rahatsız olduğumuzu bildirdim. Bu sazişin layihəsi bütün əndişələrimizi, hətta bundan artığını təsdiqləyir. Bu təhlükəli sazişin imzalanması ilə yanaşı, İran qüvvələri Yəməndə böyük əraziləri işğal edir, həmçinin həm dənizçilik, həm də dünya neft təchizatı sahəsində qüvvələr balansını dəyişdirməkdən ötrü strateji baxımdan vacib Bab-əl-Məndab boğazını tutmağa cəhd edir.
İran “Beyrut – Dəməşq – Bağdad” oxundan başqa, bütün Yaxın Şərqi ələ keçirmək məqsədilə öz caynaqlarını güneyə sarı uzadır. “İran-Lozanna-Yəmən” oxu bütün insanlığa təhlükə təşkil edir və onun yaradılmasının qabağını almaq lazımdır”.