XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2017 - 15:30

Zakir Qaralov vətəndaşları qəbul etdi, prokurorlara göstəriş verdi –Göyçayda

zakir-qaralov

Baş prokuror Zakir Qaralov bu gün 17-də Göyçay rayon prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 18 vətəndaş qəbul edilib, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb.

Qəbul zamanı müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib. Prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin isə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Yekunda baş prokuror tabe prokurorların iştirakı ilə keçirilən müşavirədə prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamından irəli gələn tövsiyə və tapşırıqların vaxtında və dürüst icrası ilə bağlı konkret göstərişlər verib.

Eyni zamanda dövlət başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılmaqla vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması tapşırılıb.

Müşavirədə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar da verilib.