Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bəvardi Əl-Fələsinin dəvəti ilə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Abu-Dabi şəhərində keçirilən “IDEX-2017” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti, əvvəlcə, Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed əl-Nəhyan tərəfindən qəbul olunub.
Sonra sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan ən son texnika və avadanlıqlara baxış keçirilmiş, həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin uyğun qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilmiş və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.