XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 19:59

Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı haqda tədbir –Mətbuat konfransı (FOTO)

abbaseli-sefir-tacikistan

Bu gün Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı soyqırımının 25 illiyi ilə bağlı mətbuat konfransı keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən Strateq.az-a verilən məlumata görə,  mətbuat konfransında Tacikistanın “Sadoi Duşanbe” radiosu, “Mir” və “Cahonnome” telekompaniyası, “Xalq ovazi”, “Faraj” qəzetləri, “Firuza” jurnalı kimi aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Ölkəmizin Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi yazılan Xocalı faciəsi barədə ətraflı məlumat verib, Xocalı soyqırımının dünyada baş verən digər qətliamlarla bir sırada dayandığını bildirib. O, Xocalının ermənilər tərəfindən əsas hədəf seçilməsinin səbəbinin daşnakların düşünülən siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Xocalının tarixi bir bölgədə yerləşdiyini, Qarabağın əsas xüsusiyyətlərini özündə əks etdirdiyini, bölgənin yeganə aeroportunun da bu şəhərdə olduğunu deyən diplomat 1988-ci ildən başlanan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə çox az olan hadisələrdən birinin məhz Qarabağın qədim məskənlərindən olan Xocalıda baş verdiyini vurğulayıb. Səfir Xocalı soyqırımının XX əsrin ən dəhşətli və qəddarcasına törədilən Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durduğunu bildirib.

A.Həsənov 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 mindən çox əhalinin yaşadığını qeyd edib. O, məlum hadisələr dövründə Xocalıda Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlının və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin də məskunlaşdığını deyib. Bildirilib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, sonra isə erməni hərbçiləri Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü, amansız atəş açıb, az bir vaxt ərzində şəhərdə yanğın baş verib və həmin ərazi tamamilə alova bürünüb. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etmək məcburiyyətində qalıblar, fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib.

Diqqətə çatdırılıb ki, bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 56 nəfər isə xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib.

Səfir bildirib ki, ümummilli lider Heydər Əliyev 1994-cü il martın 1-də bu faciə ilə bağlı xüsusi Fərman imzalayıb, Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” kimi elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.

Diplomat dünyanın bir çox ölkələri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanındığını bildirib. Xocalı haqqında həqiqətlərin Tacikistan ictimaiyyətinə çatdırılması və xalqımıza qarşı törədilən bu vəhşiliyin soyqırımı aktı kimi tanınması üçün kütləvi informasiya vasitələrinin rolunu qeyd edən A.Həsənov həqiqətlərin olduğu kimi verilməsini jurnalistlərin insanlıq vəzifəsi ilə yanaşı, peşə borcu olduğunu da bildirib.

Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb, onlara Xocalı faciəsinə həsr edilən kitablar, jurnallar və CD-lər təqdim olunub.