Son həftələr ərzində Suriyanın Raqqa və Əl-Bab şəhərlərində hərbi toqquşmalar, hava zərbələri və terror aktları nəticəsində 300-ə yaxın dinc sakin həlak olub.
Bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven Obrayen bəyan edib.
Onun sözlərinə görə, Raqqa və Əl-Bab şəhərlərində dinc əhali arasında itkilərlə yanaşı mülki infrastrukturun dağılması, insanların öz evlərindən didərgin düşməsi faktları müşayiət edilir.
“Dinc sakinlər hərbi toqquşmalar, hava zərbələri və terror aktları nəticəsində həyatlarını itirir, İŞİD silahlıları tərəfindən qətlə yetirilirlər. Hərbi əməliyyatların bilavasitə şəhər ərazilərinə keçməsi mülki əhali arasında ölüm halları ilə bağlı riski artırır”, deyə S.Obrayen qeyd edib.
Onun sözlərinə görə, İŞİD-in nəzarəti altında olan yaşayış məntəqələri azad edilərkən orada yüz minlərlə dinc sakinin yaşadığı nəzərə alınmalıdır. Qeyd edək ki, Stiven Obrayen bu gün BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib. /APA