XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Fevral 2017 - 18:46

Körpə Lerikdəki qar uçqunundan sağ çıxdı:

lerik korpe

Bu gün Lerik rayonunun Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən hadisədən sağ çıxmış 1 yaşlı Elcan xəstəxanaya yerləşdirilib.

Ağır yol şəraiti səbəbindən hadisədən xeyli sonra tibbi yardım göstərilən körpə Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin iştirakı ilə kənddən rayon mərkəzinə gətirilib və artıq müayinələrə başlanılıb. (lent.az)

Baş həkim bildirib ki, uşaq bir neçə gün xəstəxanada qalmalıdır: "İlkin vizual müayinə edərkən həyati təhlükəsinin olmadığını müəyyənləşdirdik. Hadisə vaxtı ailənin 4 üzvü ölsə də, 1 yaşlı Elcan beşikdə olduğundan və qalın bələndiyindən sağ qalıb".

Kəndə gedən yolun bəzi hissələrində qarın qalınlığının 2 metrə çatdığını deyən baş həkim hadisə vaxtı ev sahibinin və oğlunun tövlədə heyvanlara baxdığını və bu səbəbdən sağ qala bildiklərini əlavə edib: "Evin arxa hissəsi dağa söykənmiş vəziyyətdədir. Buradakı qalın qar kütləsi ağırlığını evin üzərinə salıb və uçqun baş verib".

Baş həkim bildirib ki, vəfat edən şəxslər bu gün dəfn ediləcək.

Qeyd edək ki, kənd sakini Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib.

Hadisə vaxtı ev sahibi və oğlun tövlədə heyvanlara baxdığı üçün sağ qala biliblər.