XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2017 - 15:18

Rəssamlar İttifaqından Müşfiqin sökülmüş büstünə münasibət:“Bu vandalizimdir, əsəri korlayıblar...”

mika02

“Nə Rəssamlar İttifaqı, nə Mədəniyyət Nazirliyi ilə məsləhətləşmədən, razılaşdırmadan heykəli dağıdıblar. Vandalizm əməlini biz başqa yerlərdə axtarırıq, amma bu törədilən əməl əsl vandalizmdir və vandalizm axtarmaq üçün başqa yerə getmək lazım deyil. Həmin heykəl bizim nüfuzlu qadın heykəltaraşımız, mərhum Münəvvər Rzayevanın ən layiqli əsərlərindən biri idi, kifayət qədər yaxşı vəziyyətdə qalmışdı və heç bir bərpaya-filana ehtiyacı yox idi”.

Bu sözləri mərhum şair Mikayıl Müşfiqin heykəlinin dağıdılması ilə bağlı xəbərə münasibətini bildirnə Azərbaycan Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, görkəmli heykəltaraş Xanlar Əhmədov deyib.

X.Əhmədov bildirib ki, bu açıq-aşkar vandalizm aktı onları da hiddətləndirib.

Müsahib “Azəravtoyol” ASC-nin heykəlin guya dağıdılmadığı və həmin ərazidə aparılan yenidənqurma işlərindən sonra “qaytarılıb yerinə qoyulacağı” barədə mövqeyini də anlaşılmaz sayır. “Açıq-aşkar görünür ki, heykəltaraşın əsəri korlanıb, indi onu necə qaytarıb yerinə qoyacaqlar?”-o, sual edib.

Mikayıl Müşfiqin dağıdılan heykəlininin müəllifi heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.

Virtualaz.org xatırladır ki, 1929-cu ildə anadan olan M. Rzayeva qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək 100-dək heykəl yaradıb. Bunların içərisində Sevil Qazıyevın borelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin heykəlini (qırmızı qranit, 1970), prof. Mehdixan Vəkilovun heykəli (2-ci Fəxri xiyabanda, 1976), Əlibala Şirinovun heykəli (2-ci Fəxri xiyabanda, 197.), Yeseninin heykəlini (1977), Ayna Sultanovanın heykəlini (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar.

Bundan başqa heykəltaraş Gəncədə Məhzəti Gəncəvinin (bürünc, 1983), Nigar Rəfibəylinin (bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Xızıda Mikayıl Müşfiqin (bürünc, 1989, F.Əliyevlə birgə) heykəllərini yaradıb.

Onun sonuncu işlərindən biri Azərbaycanın Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlükdəki "Heydər Zirvəsinə" bərkidilən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin tunc barelyefi olub. Heykəltəraş 2004-cu ildə Bakıda vəfat edib.