XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2017 - 20:11

317 QHT-yə qrant ayrıldı –QHT Şurası qərarını açıqladı

Martın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il birinci qrant müsabiqəsinin nəticələri haqqında məsələni elan edib.

Şuradan Strateq.az-a verilən məlumata görə, gündəlik yekdilliklə təsdiq olunub.

Vüsal Quliyev sözügedən qrant müsabiqəsinə QHT-lərin 519 layihə təqdim etdiyini və ekspertlərin onlara verdiyi ballarla Şura üzvlərinin tanış olduğunu qeyd edib. Şuranın sədr müavini Katibliyin müsabiqə prosesini Şuranın təlimat və qərarlarına uyğun olaraq lazımı şəkildə təşkil etdiyini deyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci il birinci qrant müsabiqəsinin 2016-cı il 1-30 dekabr tarixlərini və 17 mövzunu əhatə etdiyini bildirib.

İcraçı direktor bu müddət ərzində Şuranın elektron bazasına 656 QHT-nin müraciət etdiyini bildirib.

Sənədləri qaydasında olan 614 QHT qeydiyyata alınıb. Bunlardan 590 QHT Şuraya layihə təqdim edib. İlkin seleksiyadan sonra 519 QHT-nin layihəsi ekspertizaya təqdim olunub. Onlardan 317 layihə keçid balını toplaya bilib.

Şura üzvləri Şahin İsmayılov, İlqar Məmmədov, Əliməmməd Nuriyev, Emin Həsənli, Sahib Məmmədov, Anar Xəlilov və Rufiz Qonaqov çıxış edərək gündəlikdə dayanan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər.

Yekun olaraq Şura üzvləri ekspertlərin və büdcə komissiyasının rəyini nəzərə alaraq 317 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.

Müsabiqənin nəticələrindən narazı qalan QHT-lər martın 15-i, saat 17:00-dək Şuranın Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələ səsə qoyularaq qəbul edilib.

İclasda Vergilər Məcəlləsinə edilən son dəyişikliklərlə əlaqədar Vergilər Nazirliyinin nümayəndələri ilə QHT-lərin görüşünün təşkil edilməsi də müzakirə olunub.

Müsabiqənin nəticələri ilə martın 7-də Şuranın saytında (www.cssn.gov.az) tanış olmaq mümkündür.