“Başak İnam Sığorta” şirkətinin səhmdarlarının ümumi yığıncağı aprelin 4-də olacaq.
Bu barədə şirkət məlumat yayıb. Gündəlikdəki əsas məsələ şirkətin könüllü ləğv edilməsidir. “Başak İnam Sığorta” İdarə Heyəti sədrinin müavini Vaqif Baxşıyev bildirib ki, şirkətin ləğvedilmə səbəbi “Zaminbank” və “Gəncəbank”ın bağlanmasıdır: “Zaminbank bizim təsisçimiz idi. Vəsaitlərimiz bu iki bankda olub. Onlar bağlanandan sonra şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının tələblərinə və qanunvericiliyin məcmu kapital tələbinə (5 mln manat) cavab verə bilmədi”, – deyə o bildirib.
“Başak İnam Sığorta”nın planlaşdırılan ləğvi barədə fevralda jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri R.Aslanlı məlumat verib və qeyd edib ki, artıq razılıq verilib. Xatırladaq ki, “Zaminbank” və “Gəncəbank”ın lisenziyası 2016-cı ildə ləğv edilib.
Azərbaycan-Türkiyə birgə şirkəti olan “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Türkiyə tərəfindən təsisçi “Başak Sığorta”, Azərbaycan tərəfdən “İnam” təkrarsığorta idi. Onu ABB, “Turanbank” və “Aqrarkredit” təsis edib.
Şirkətin nizamnamə kapitalı 7 mln. manat idi. /"Turan"