XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 20:36

Prosineçki: “Onların təkcə taktiki-texniki yox, fiziki durumları da çox güclüdür” –MÜSAHİBƏ

"Novruz bayramı münasibətilə hər birinizi təbrik edirəm. Sabah güclü komandaya qarşı oynayacağıq. Məşq prosesindən tam razı qalmışam. Almaniyanı analiz etməyə çox vaxt lazımdır. Amma lazım olan məlumatları futbolçulara çatdırdıq. Çalışacağıq ki, rəqib rahat oynaya bilməsin".

Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
 
– Almaniyanın İngiltərə ilə oyununda gördük ki, rəqibi əks hücumda yaxalamaq olar. Bu barədə nəsə düşünmüsüz?

– Sözsüz ki, biz Almaniya – İngiltərə matçını (1:0) izlədik. Bundestimdə top-klublarda, Çempionlar Liqasında çıxış edən futbolçular oynayır. Onların təkcə taktiki-texniki yox, fiziki durumları da çox güclüdür. Komandama tapşırıq vermişəm. Əks-hücum da olacaq, başqa yolu da var. Amma onu açıqlamaq istəmirəm. Elə edəcəyik ki, rəqib bizə asanlıqla oyun sərgiləməsin. 

– Demişdiz ki, Almaniya bizim üçün ən asan rəqib olacaq. Buna görə də oyunçuların motivasiyaya ehtiyacı yoxdur. Bəs futbolçuların fiziki durumu necədir?

– Komanda bir həftədir ki, bir yerdədir. Məşq prosesinə söz ola bilməz. İki ildir burdayam və heç vaxt futbolçuların fiziki durumundan narazı olmamışam. Motivasiyaya gəldikdə rəqibin adından gözəl motivasiya ola bilməz.
 
– Həmişə hava toplarını qarşılamaq problemimiz olub. Buna qarşı hansı tədbirlər düşünürsüz?

– Almaniya təkcə hava ötürmələri verən yox, sürətli oynayan, uzun ötürmələrdən istifadə edən komandadır. Buna baxmayaraq, mən futbolçularıma güvənirəm. Almaniya üçün bizə qarşı asan olmayacaq.
 
– Heyətdə görmək istədiyiniz, lakin xidmətindən yararlana bilmədiyiniz futbolçular var? Məsələn, Namiq Ələsgərov və Ruslan Abışov.

– Bu suala hər zaman olduğu kimi açıq cavab verəcəm. Bəli, belə problemlər var. Namiq zədəlidir, Maksim uzun müddətdir oynamırdı. Amma məşqlərdə gördük ki, fiziki durumu oynamağa imkan vermir. Ruslan Abışov da zədə səbəbindən oynaya bilməyəcək. Sabah tam sağlam futbolçular meydanda olacaq.

Qol.az