XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2017 - 15:37

“Azərbaycanlılara qarşı cinayətlərin araşdırılması Ukrayna baş prokurorunun şəxsi nəzarəti altındadır”- Baş prokurorun müavini

"Ukrayna milli polisi azərbaycanlılara qarşı cinayətlərin istintaqını davam etdirir. Araşdırmalar Ukrayna baş prokurorunun şəxsi nəzarəti altındadır." 

Bu barədə "Report"un Ukrayna bürosuna açıqlamasında Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin bildirib.
O, Ukrayna baş prokuroru Yuri Lutsenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin fevralın 18-20-də Azərbaycanda işgüzar səfərdə olduğunu xatırladıb. Səfər zamanı Azərbaycanın Baş prokuroru Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşlər keçirilib.

"Səfərin hər iki tərəf üçün çox faydalı olmasına görə şadam. Açıq və səmimi keçirilən dialoqlar zamanı azərbaycanlı həmkarlarımızla qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. O cümlədən iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişafı üçün növbəti addımlar barədə razılıq əldə edilib, Ukrayna və Azərbaycanın ədliyyə sistemi orqanlarının işi üzrə praktiki təcrübə mübadiləsi aparılıb. Həmkarlarımız Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli Ukrayna vətəndaşlarının müraciəti əsasında (ölümlə hədələmə, qaçırılma, dələduzluq, qanuni təsərrüfat fəaliyyətinin göstərilməsinə maneə törətmək və digər cinayətlər üzrə) açılmış cinayət işləri ilə xüsusi maraqlanıb. Azərbaycan tərəfinə bu işlərin nəticələri barədə ətraflı məlumat verdik", – Y.Yenin bildirib.

"Həqiqətin üzə çıxarılması üçün bütün lazımi tədbirlərdən yararlanırıq. İşlərin icraatı birbaşa Ukrayna baş prokurorunun şəxsi nəzarəti altındadır. Hazırda hüquq-mühafizə orqanlarında bu cinayətlərin milli əsasda törədildiyini düşünmək üçün heç bir səbəb yoxdur", – baş prokurorun müavini vurğulayıb.