XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2017 - 16:45

Nazir:"Novruz festivalına bəzi günlərdə 50-60 min nəfər insan qatılıb"

Martın 29-da İsmayıllı şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin yeni yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş geniştərkibli müşavirə keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılıb. Həmçinin regional idarələrin Novruz bayramı ərəfəsində paytaxtda keçirilən bayram tədbirlərində iştirakı dəyərləndirilib.

Ə.Qarayev Novruz ərəfəsində Bakıda müxtəlif bayram tədbirlərinin keçirilməsini, nazirliyin yeni yaradılan Milli Turizm Təbliğat Bürosunun və regional mədəniyyət və turizm idarələrinin bu işdə yaxından iştirakının təqdirəlayiq olduğunu deyib: “Bu il keçirilən bayram tədbirləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirib. Bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər. 8 gün ərzində 60-dan artıq musiqi, rəqs və folklor kollektivi çıxış edib. Milli Turizm Təbliğat Bürosu tərəfindən keçirilən Novruz festivalına gün ərzində 30-35 min, bəzi günlərdə isə 50-60 min nəfər insan qatılıb”.

Həmçinin diqqətə çatdırılıb ki, aprel-may aylarında Azərbaycanda ilk dəfə olaraq “Shopping Festival”, mayda IV İslam Həmrəylik Oyunları, iyunda “Formula 1” Azərbaycan Qran-prisi kimi möhtəşəm yarışlar keçiriləcək. Yeni yaradılan regional mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir.

Nazir regionlarda mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini xüsusi qeyd edib. Həmçinin yerlərdə fəaliyyət göstərən mərkəzi kitabxanaların nəzdində açıq kitabxanaların yaradılmasının gündəmdə olduğu vurğulanıb.

Müşavirədə regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub, təkliflər səslənib, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar işlər nəzərdən keçirilib, mövcud problemlərə dair fikir mübadiləsi aparılıb. Nazir idarə rəhbərlərindən işlərinə daha ciddi yanaşmağı tələb edib və onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verib.