XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 17:24

“Qapanlı kəndində iki həyətə 4 ədəd 60 mm-lik mərmi düşüb” –İcra başçısı

Aprelin 6-da səhər saatlarından erməni silahlı birləşmələri Tərtərin Qapanlı kəndini atəşə tutub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, hadisə nəticəsində Qapanlı kəndində iki həyətə 4 ədəd 60 mm-lik mərmi düşüb: "Nəticədə həyətdəki ev quşları tələf olub. Mərmilərdən biri isə həyətdəki yaşayış olmayan yarımçıq tikiliyə düşüb və tikili dağılıb. Səhər saatlarından kənd mütəmadi atəşə tutulurdu. Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub. Bir neçə saatdır sakitlikdir".

M.Məmmədov qeyd edib ki, hadisə nəticəsində sakinlərdən ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.