XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 18:48

Vasif Talıbov gənc idmançıya yeni mənzil verib –Naxçıvanda

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovaya yeni mənzil təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlbi sahəsində həyata keçirilən tədbirlər öz nəticəsini verir:

"Muxtar respublikada qızların idmana cəlbinə də xüsusi diqqət yetirilib, müxtəlif idman federasiyaları üzrə qızlardan ibarət klubların yaradılması ilə bağlı tapşırıqlar verilib. Artıq muxtar respublikada qızlar da müxtəlif idman federasiyalarında təmsil olunurlar. Qadınların və qızların idman obyektlərindən istifadəsi üçün lazımi şərait yaradılıb, özəl fitnes mərkəzləri və müxtəlif idman klubları fəaliyyətə başlayıb. Son illər yaradılan və səmərəli fəaliyyət göstərən idman klublarından biri də “Xatun” Bədii Gimnastika Klubudur. Qızların kiçik yaşlarından “Xatun” Bədii Gimnastika Klubuna cəlbi və bu idman növü ilə məşğul olmaları onların sağlam böyüməsinə imkan verir. 2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq “Xatun” Bədii Gimnastika Klubunun Şərur Olimpiya İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində filialları yaradılıb".

Ali Məclisin sədri daha sonra deyib ki, bu gün gənclərin fiziki cəhətdən sağlam böyüməsi qarşıda duran əsas vəzifələrdəndir:

"Ona görə də muxtar respublikada idmanın inkişafına diqqət artırılır. Qızların idmana cəlbində Humay Qafarovanın da xidmətləri vardır. Humay Qafarovanın uşaq yaşlarından bədii gimnastika sahəsindəki istedadı nəzərə alınaraq Bakı şəhərinə təhsil almağa göndərilmişdir. Təhsilini başa vurduqdan sonra Humay Qafarova muxtar respublikaya qayıdaraq bədii gimnastikanın inkişafı ilə məşğul olur. Bu gün “Xatun” Bədii Gimnastika Klubuna böyük maraq vardır. Bundan sonra da klubun fəaliyyətinin genişləndirilməsi üçün lazımi şərait yaradılacaqdır. Bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti nəzərə alınaraq, eləcə də yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Humay Qafarovaya Naxçıvan şəhərində yeni mənzil təqdim olunur".

Ali Məclisin sədri Humay Qafarovaya təşəkkür edib, yeni mənzillə təmin olunması münasibətilə təbriklərini çatdırıb.

Humay Qafarova yeni mənzillə təmin olunduğuna görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da göstərilən etimadı doğruldaraq qızların bədii gimnastikaya cəlbi və bu idman növünün muxtar respublikada inkişafı sahəsində səmərəli fəaliyyət göstərəcəyinə söz verib.

Sonra Ali Məclisin sədri mənzilin orderini Humay Qafarovaya təqdim edib.