XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 16:06

Kreditlə bağlı qanun layihəsi parlamentdə etiraz doğurdu:Deputatlar Nəzarət Palatasına qarşı

Milli Məclisin (MM)  İqtisadi iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi ciddi müzakirə və mübahisələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, qanun layihəsi barədə danışan Maliyyə Bazarlarına Nəzarət Palatasının  (MBNP) təmsilçisi Nurlan Babayev bildirib ki,  sənədə əsasən insanlar daşınar əmlakı reyestrdən keçirməklə, kredit götürmək imkanı əldə edəcəklər.

“Yən, vətəndaş evindəki texnika, mal-qaranı və digər daşınar vasitələri girov qoyaraq kredit  götürə biləcək.  Belə qanun dünyanın müxtəlif ölkələrində var və bir çox ölkələrdə bu qanunun böyük “uğur hekayəsi” var. Ancaq  mənfi cəhətləri də var”- deyə, N. Babayev bildirib.

Millət vəkili İlham Əliyev isə  deyib ki, Avropada bir çox ölkələrdə hətta, pendiri girov qoyub kredit götürürlər.

Adıçəkilən komitənin sədri Ziyad Səmədzadənin dediyinə görə,  məsələn, avtomobil daşınar əmlak olsa da, amma Azərbaycanda  daşınmaz əmlak kimi qeydiyyata alınıb və buna uyğun vergi tutulur.

Millət vəkili Şəmsəddin Hacıyev öz növbəsində  deyib ki, daşınar əmlak məsləsinə dünyada müxtəlif yanaşma var.

Millət vəkili Vahid Əhmədov isə deyib ki,  daşınar əmlakın qeydiyyatı ilə bağlı bəlkə də qanuna ehtiyac yox idi:

“Bununla bağlı MBNP tərkibində reyestr xidməti yaratmaq olardı. Ancaq bununla yanaşı, bu, yaxşı qanundur, insanların maliyyə resurslarına çıxşını asanlaşdıracaq. Yəni,  bu qanun kiçik və orta sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcək”.

O, əlavə edib ki, bu  qanun Azərbaycan  reallığında həm də  müəyyən problemlər yaradacaq: “Bu, nəticədə böyük miqdarda vergi borclarının yaranmasına gətirib çıxaracaq. Hətta, bu borclar milyon və milyard manatla hesablanacaq. Vergilər Nazirliyi də bu borcu ala bilməyəcək. Odur ki, qanun layihəsində bir sıra müddəalar çıxarılmalıdır”.

Millət vəkili Xanhüseyn Kazımlı  da bildirib ki, qanun layihəsinin dili sadə olmalıdır: “Burada  elə terminlər və ifadələr var ki, biz professional iqtisadçı və maliyyəçilər başa düşə bilmirik, sadə insanlar onu necə başa düşsün?!”.

Millət vəkili Əli Məsimli də həmkarını dəstəkləyib və deyib ki,  qanun layihəsinin dili çox ağırdır: “Daşınar əmlakın yüklülüyü haqqında” qanun həm inkişaf etmiş, həm də inkişaf etməkdə ölkələrdə var. Lakin MDB ölkələri içərisində belə bir qanun Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmir. Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcəsi insanların vəziyyətini daha da ağırlaşdırıb. Problemli kreditlərimizin sayı kifayət qədərdir. Bu baxımdan, sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar. Bu gün banklar valyuta dəyişən məntəqəyə çevrilib. İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, insanların resursları tükənəndə səbri də tükənir. Buna görə də aidiyyatı qurumlar bu məsələni nəzərə almalıdır. Bu prizmadan məsələyə yanaşdıqda onun konsepsiyası kifayət qədər aydın olsa da, mətn anlaşıqlı deyil”.

Müzakirələr zamanı çıxış edən digər millət vəkilləri də qanun layihəsinin dilinin ağırlığını dilə gətirərək, onun sadələşdirilməsini təklif edbilər.