XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 20:10

Yüzlərlə QHT rəhbəri prezident İlham Əliyevə müraciət etdi –Palatanın qərarına görə

Yüzlərlə QHT rəhbəri  bankların göstərdiyi xidmətlərin məhdudlaşdırılması ilə əlaqədar bu gün prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Strateq.az xəbər verir ki, son günlər banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib.

Bu problemlə üzləşmiş QHT-lər bu gün ölkə prezidentinə müraciət edərək, ortaya çıxmış çətinliklərin aradan qaldırılması üçün müvafiq göstərişin verilməsini xahiş ediblər. 

QHT-lər müraciətlərində göstəriblər ki, çətinliklərə səbəb "Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.7-ci maddəsinə istinad edilərək dövlət donor qurumları tərəfindən  ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsidir. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 dekabr 2016-cı il tarixli "Nağdsız hesablaşmalar haqqında” qanuna istinad edərək, banklara ünvanladığı məktubun icrası QHT-lərə bu problemi yaradıb. 

Müraciətdə qeyd olunur ki, palatanın qərarından sonra qeyri-hökumət təşkilatları 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər.

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən müsabiqə nəticələrinə əsasən müxtəlif layihələrinin icrası ilə bağlı ayrılmış maliyyə vəsaitləri qeyri-hökumət təşkilatlarının bank hesablarına köçürülsə də, bu vəsaitlərdən istifadə praktiki olaraq mümkünsüz hal alıb.

Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.