XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 10:09

Rus “ayısı”: 60 il bundan əvvəl və indi… – FOTOLAR

Rus “ayısı”: 60 il bundan əvvəl və indi... - FOTOLAR

Son vaxtlar NATO ölkələrinin aviasiyası az qala hər gün Rusiyanın nüvə raketi daşıyan Tu-95 strateji bombardmançısını “tutmaq” üçün havaya qalxmalı olur.

Qərblə Rusiya arasında gərginliyin yaşandığı bir vaxtda NATO-nun “Ayı” adı verdiyi Tu-95 bombardmançıları şimal alyansının hava sərhədlərini tez-tez yoxlayır.
Virtualaz.org saytının xəbərinə görə, BBC dünya xidmətinin məqaləsində deyilir ki, NATO-nu daim təşviş içində saxlayan bu təyyarələr sovet hərbi gücünü əks etdirir. Onun mühərriklərinin gurultusu ilk dəfə ötən əsrin 50-ci illərinin əvvəllərində eşidilib. Təyyarənin qeyri-adi qabaritləri və fövqəladə gücü hətta NATO-nun ona verdiyi “Ayı” adını da kölgədə qoyurdu.
1956-cı ildə Qərb ilk dəfə bu təyyarə haqda məlumat alanda dünya aviasiya sənayesində inqilabi dəyişikliklər baş verirdi və reaktiv texnika sürətlə inkişaf edirdi. Ancaq “Ayı”nın mühərrikləri hələ də turbovintli mühərriklər idi və hələ o dövrdə arxaik hesab oluna bilərdi.
Və o vaxt kim təxmin edə bilərdi ki, hətta indi, 60 il sonra da bu təyyarə cərgədə qalacaq və onu – dünyanın ən səsli kəşfiyyat təyyarəsini okean suları üzərində patrul uçuşları həyata keçirən strateji bombardmançı kimi istifadə edəcəklər?!
Tu-95 adətən “soyuq müharibə” dövründə patrul uçuşları üçün istifadə edilirdi, ancaq Rusiya bu praktikaya yenidən qayıdıb. “Ayı”nın indiyədək cərgədə qala bilməsinin sirri onun dahi konstruktoru Andrey Tupolevdədir.
Tu-4 təyyarəsi
SSRİ-də Tupolev aparıcı aviakonstruktor idi. 30-cu illərdə Stalin repressiyaları dövründə istedadlı konstruktoru uydurma ittihamla həbsə atmışdılar. İkinci dünya müharibəsindən sonra ABŞ-la SSRİ arasında “soyuq müharibə” başladı və Tupolev ilk sovet nüvə raketi daşıyıcısı olan Tu-4 (NATO klassifikasiyaına görə “Buyvol”) təyyarəsini işləyib hazırladı.
Bu təyyarə ABŞ-ın Yaponiyaya atom bombası atan B-29 təyyarəsinin oxşarı kimi yaradılmışdı. çünki Yaponiyanın bombardman edilməsi zamanı ABŞ-ın bir neçə belə təyyarəsi SSRİ ərazisində qəza enişi enmişdi.
M-4 təyyarəsi
Tu-4 SSRİ-nin nüvə raketi daşıyan ilk bombardmançısı olsa da onun uçuş məsafəsi ABŞ-a qədər uçmağa imkan vermirdi. 1952-ci ildə Tupolevin və onunla rəqabətdə olan Myasişevin konstruktor bürosuna 11 ton yük qaldıra bilən və 8 min kilometr məsafə qət edən təyyarə işləyib hazırlamaq göstərişi verildi. Myasişev dördmotorlu M-4 reaktiv bombardmançısını işləyib hazırladı.
Tupolev isə əksinə, yoxlanılmış və etibarlı metoda üstünlük verdi, birinci nəsil reaktiv təyyarələrdə tətbiq olunan konstruksiyanı Tu-4 təyyarəsinə əlavə etdi. Nəticədə “Ayı” meydana çıxdı.
Tu-95 sadəcə olaraq nəhəngdir. Onun uzunluğu 46 metr, qanadlarının eni 50 metrdir. öz ağırlığı 90 tondur, dörd turbovintli mühərriklə təchiz olunub.
“Ayı”nın iki dördpəncəli propelleri var – dartı gücü nəhəng təyyarəni saatda 800 kilometr saat sürətlə hərəkət etdirməyə imkan verir. Bu da az qala müasir təyyarələrin sürətidir.
Tupolev tamamilə haqlı idi ki, o vaxt reaktiv mühərriklər qarşıya qoyulmuş taktiki-texniki tələblərə cavab vermirdi.
Andrey Tupolev
Bəli, Tu-95 dünyanın ən səsli təyyarəsidir. Onun mühərriklərinin səsini hətta Amerika sualtı qayıqlarının hidroakustik sistemləri tərəfindən qeydə alına bilər. “Ayı”nı beynəlxalq hava məkanında müşayiət edən Qərb təyyarəçiləri deyirlər ki, onun mühərriklərinin səsi NATO təyyarələrinin reaktiv mühərriklərinin səsini belə batırır.
Lakin reaktiv texnologiyalar sürətlə inkişaf edirdi. Nəticədə Tu-95 gözdən düşdü. Lakin “Ayı”nın uğurlu konstruksiyası onu dəfələrlə modernləşdirməyə imkan verdi.
“Soyuq müharibə” dövründə Tu-95 təyyarələri dəniz kəşfiyyatı ilə məşğul olur və bütün Yer kürəsi boyu NATO gəmilərini izləyirdi. Onlardan bir neçəsi daimi əsasda Kubada yerləşdirilmişdi və ABŞ sahilləri boyu uçurdu. Tu-95 bombardmançıları uzaqmənzilli qanadlı raketlərlə təchiz olunub. Buna “Ayı”nın ağır yük daşımaq qabiliyyəti imkan yaradıb.
Bəşəriyyət tarixində ən güclü nüvə bombasını atan da məhz modernləşdirilmiş “Ayı” idi. Bu bombanı SSRİ 1961-ci ildə sınaqdan keçirib. Təyyarəni idarə edən elit heyət üzvləri – sovet aviasiyasının asları Arktikanın “Yeni torpaq” adası üzərində 50 meqatonluq atom bombasını paraşütlə atdı ki, bomba yerə düşüb partlayana qədər təyyarə təhlükəsiz məsafəyə qədər uzaqlaşa bilsin.
Tu-95 təyyarəsi
Lakin bombanın partlaması nəticəsində yaranan partlayışın gücü II dünya müharibəsi ərzində istifadə olunmuş bütün partlayıcı maddələrin gücündən on dəfə çox idi və bombanı daşıyan “Ayı” partlayış dalğası nəticəsində pik hündürlüyünə atıldı və daha sonra 1000 metr hündürlük itirdi. Buna baxmayaraq həmin an təyyarə partlayışın episentrindən 45 kilometr uzaqlaşa bilmişdi.
50-ci illərdən bu yana istehsal edilmiş 500-dən çox “Ayı”nın hazırda ən azı 55-ni Rusiya Hərbi-Hava Qüvvələri tərəfindən istifadə edilir. O vaxtdan bu yana “Ayı”lar praktiki olaraq dəyişməyib. Gözlənilir ki, təyyarələr ən azı 2040-cı ilə qədər istismar olunacaq. Andrey Tupolev sağ olsaydı, bununla fəxr edərdi…