Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzaini qəbul edib.
Strateq.az XİN-ə istinadən bildirir ki, Q.İsakzai bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün qeyd edildiyini bildirərək, ötən müddət ərzində Azərbaycan və BMT arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.
E. Məmmədyarov isə müstəqilliyimizin ilk illərindən BMT-nin Azərbaycana dəstəyinin, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanın üzləşdiyi humanitar problemlərin nəticələrinin aradan qaldırılmasında BMT-nin müvafiq strukturlarının rolunun və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə qurulmuş məhsuldar əlaqələrin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüş əsnasında UNDP-nin Azərbaycan ofisinin fəaliyyəti və Azərbaycan tərəfindən Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.