XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2017 - 11:29

Tələbələrin 5-ci elmi-texniki Konfransı başlayıb –Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbələrin 5-ci elmi-texniki Konfransı başlayıb.

BANM-dən Strateq.az-a verilən məlumata görə, konfransın açılışında BANM-in rəhbərliyi, professor-müəllim heyəti, SOCAR-ın və BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton, Confidence Capital transmilli şirkətlərin nümayəndələri iştirak ediblər. 

Plenar iclası giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov dövlətimizin elm və təhsil siyasətinin inkişaf etdirilməsinin bilavasitə gənclərin elmi tədqiqatlara daha çox cəlb edilməsindən asılı olduğunu bildirib. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor Ali Məktəbdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. E. Qasımov bildirib ki, mayın 1-də prezidenti İlham Əliyevin iştirakı ilə Ali Məktəbin yeni tikilmiş kampusunun açılışı keçirilib.

SOCAR-ın Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O vurğulayıb ki, gənclərimizin elm və təhsilə cəlb olunması dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biridir.

SOCAR-ın Təlim, tədris və sertifikatlaşdıra idarəsinin rəisi Fuad Süleymanov qeyd edib ki, BANM iqtisadiyyatımızın müxtəlif sahələri üçün peşəkar mütəxəssislər hazırlayır və məhz bu gənclər gələcəkdə ən nüfuzlu transmilli şirkətlərdə çalışacaqlar.

Qeyd edək ki, konfransın plenar iclasında tələbələrin 4 seçilmiş məruzəsi dinlənilib – “Adaptiv süzgəclərin idarəetmənin keyfiyyətinin artırılması üçün tətbiqi”, “CO2 tətbiqi üçün həllolma istiqamətindəki aparılan təzyiqin azaldılması”, “Hava Günəş panelləri” və “Ağacşəkilli Günəş panellərinin tətbiqi və istifadəsi”. 

Ümumilikdə, konfransın gedişatında 53 məruzə dinləniləcək. Növbəti günlərdə konfrans bölmələrdə davam edəcək. “Neft-qaz mühəndisliyi” bölməsinin iclasında 8, “Kimya mühəndisliyi” bölməsinin iclasında 18, “Fizika və riyaziyyat” bölməsinin iclasında 14 və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” bölməsinin iclasında 9 məruzə dinlənilib münsiflər tərəfindən qiymətləndiriləcək. Konfransda BANM-in 55 tələbəsi iştirak edirlər.

Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən SOCAR, BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton və Confidence Capital şirkətlərinin hədiyyələri təqdim olunacaq. Konfransın təşkilinin əsas məqsədi bacarıqlı və savadlı tələbələri aşkara çıxarmaq və onların bacarıqlarının gələcək layihələrdə tətbiqinə nail olmaqdır. Tələbələrin 5-ci elmi-texniki konfransı 4 may 2017-ci il tarixində yekunlaşacaq.