XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2017 - 20:43

“Microsoft” şirkəti IV İslam Həmrəyliyi Oyunlarınınrəsmi dəstəkçisi oldu

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi mayın 3-də “Microsoft” şirkətinin Oyunların rəsmi dəstəkçisi olduğunu elan edib.

Əməliyyat Komitəsindən Azərtac-a bildiriblər ki, “Microsoft” rəsmi dəstəkçi kimi “Bakı-2017 Skype zonası” təşəbbüsünün reallaşdırılması ilə əlaqədar texniki proqram təminatı, avadanlıq və brendinq imkanlarını təchiz edəcək. Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzv ölkəsinin medal qazanmış idmançılarının dostları və ailələri ilə videoəlaqə yaradaraq öz uğurlarının sevincini bölüşmək imkanı yaradacaq. “Bakı-2017 Skype zonası” idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı verəcək.

Söhbətlər veb-kamera, eləcə də noutbuk ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqəlik videolar 90 saniyəlik kliplər formatında montaj olunacaq və “Bakı-2017”nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn yayımlanacaq.

“Bakı-2017” Əməliyyat Komitəsinin direktoru, Atletlər Kəndinin meri və könüllülərin səfiri Elçin Səfərov “Microsoft” şirkəti ilə tərəfdaşlıqdan danışarkən qeyd edib: “Biz “Microsoft” kimi bütün dünyada tanınmış brendin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olmasından çox məmnunuq. “Bakı-2017 Skype zonası” yeni üfüqlər açır və azarkeşlərə qazandıqları uğurun sevincini yaşayan və uğurlarını dostları və ailələri ilə birlikdə qeyd edən idmançıların hisslərini paylaşmaq kimi çox gözəl imkan yaradır”.

“Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək deyib: “Microsoft” korporasiyası IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman tədbirinin tərəfdaşı olmaqdan və Oyunların keçirilməsinə öz töhfəsini verməkdən qürur duyur. Biz gələcəkdə də yenilikçi texnoloji yanaşmamızın köməyi ilə milli əhəmiyyətə malik layihələrin həyata keçirilməsində iştirak etmək niyyətindəyik”.

“Microsoft” şirkəti “iTicket”, “Fresco”, “Milla”, “Red Bull”, “Azərsun” və “Nestle”dən sonra “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yeddinci rəsmi dəstəkçisi olub.