XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2017 - 11:03

QMİ sədri:"Azərbaycan uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətdir"

Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətə çevrilib.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda keçirilən panel sessiyada çıxışı zaman deyib.

A.Paşazadənin sözlərinə görə, Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür.

O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir.

A.Paşazadə vurğulayıb ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir: “Bizim xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməli üzərində nail olur. Heydər Əliyev ümummilli lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas edib”.