Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu son ünvanı olan Sumqayıta dünən yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutan bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edib.
"Bakı – 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 5-də “Xəzərdən Başlayan Səyahət”-ə start verdi. İndi isə marşrutun sonuncu ünvanına qədəm qoyan Səyahət, yenidən dünyanın quru ilə əhatə olunan ən böyük su hövzəsinə – Xəzər dənizinə qayıtdı. Bu əlamətdar günlə əlaqədar dünən səhər Xəzər dənizi ətrafında tədbir keçirildi.
Su mərasimi, futbol həvəskarı Səlim İmranlı, Prezident təqaüdçüsü, əməkdar bədən tərbiyəsi və idman xadimi Məmməd Eyvazov və yunan-Roma güləşi üzrə gənclər arasında Avropa Çempionu, Dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev tərəfindən dənizdən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.