XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 14:17

XİN-dən Uorlikə sərt cavab: “Həmsədrlərin fəaliyyəti sıfıra bərabərdir”

 

xin foto.jpg

 

“ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli istiqamətində hər hansı cüzi irəliləyişə belə nail olunmadığı halda Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar digər təşkilatlara məsləhət və ya tövsiyə verməyə əsası və haqqı yoxdur. İndiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçirilən fəaliyyətin mahiyyəti sıfıra bərabərdir. Bunun müqabilində münaqişənin həllinə töhfə verməyə çalışan digər beynəlxalq qurumların mənasız fəaliyyətlə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməsinə heç bir lüzum görülmür”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Twitter” profili vasitəsilə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Uolterin hesabatına dair şərhinə münasibət bildirərkən deyib.

“Əksinə, ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə Ceyms Uorlikin beynəlxalq ictimaiyyətin iradəsinin ifadəsi olan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələri, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair sənədlərinin məram və prinsiplərini rəhbər tutmasına və bu qurumlarla məsləhətləşməsinə ehtiyac var. ATƏT-in Minsk qrupunun bu cür yarıtmaz fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və mövcud “status-kvo”nu saxlamaq siyasəti güdən Ermənistanın maraqlarına xidmət edir. Ceyms Uorlikin də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib elementi olması istisna deyil”, – deyə H. Hacıyev vurğulayıb.