Təhsil Problemləri İnstitutunda (ARTPİ) “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin yekunu və sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Strateq.az xəbər verir ki, tədbirdə çıxış edən institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov rəhbərlik etdiyi institutun “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq hazırlanmış “Fəaliyyət Planı”nı üzrə Təhsil Nazirliyinin “Tədbirlər Plan”ında öz əksini tapmış onlarla tədbirin əsas icraçısı olduğunu söyləyib: “Bu tədbirlərdən biri də təhsilin bütün pillələri üzrə milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaqdır”.
Q. Novruzov bildirib ki, tədbirlər planının 2.1.1.6. bəndinin həyata keçirilməsi məqsədi ilə təşkil olunan bu seminar – treninqin gerçəkləşdirilməsi üçün peşəkar təlimçi heyəti yaradılıb. “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin proqramı bütün təhsil pillələri üzrə seçilmiş pedaqoji kadrlar üçün innovativ təlim metodologiyasının, təlimin məzmununun və müvafiq resursların yaradılması sahəsində bilik və bacarıqların formalaşdırılmasını təmin edəcək 60 saatlıq seminar-treninqin ümumi məzmununu özündə əks etdirir. Bu proqrama əsasən, hər bir təhsil pilləsi üzrə müvafiq məzmun nəzərdə tutulur.
Məlumat verilib ki, seminar-treninqin birinci ongünlük kursu 26 oktyabr – 06 noyabr tarixlərində keçirilib. Noyabr və dekabr aylarında isə peşə, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji kadrları üçün seminar-treninqlər planlaşdırılır.
Birinci ongünlükdə iştirak edəcək məktəbəqədər və ümumtəhsil pilləsinin pedaqoji kadrları üçün təşkil olunan seminar-treninqin məzmununa təhsil sistemində innovativ proseslərin idarə olunması metodologiyası, pedaqoji innovasiyalar, innovasiyaların tətbiqi zamanı yaranan pedaqoji və psixoloji problemlərin aradan qaldırılması üçün yeni metodik vəsaitlərin hazırlanması, müasir təlim texnologiyalarından istifadənin metod və vasitələri, innovativ metodiki resursların, elektron dərsliklərin yaradılması və vəsaitlərin hazırlanmasına verilən tələblər, müəllimlər, valideynlər, şagirdlər üçün informativ və maarifləndirici vəsaitlərin hazırlanması və s. daxil edilib və sonda yüksək təlim nəticələrinin əldə olunmasına zəmin yaradıb.
Q.Novruzov onu da bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin 2015-ci il üçün tədbirlər planına əsasən, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu tərəfindən “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin təşkil edilməsi məqsədilə Respublikada ilk dəfə olaraq, yalnız institutun nüfuzlu alim, professor heyyətindən ibarət geniş tərkibdə təlimçi heyəti yaradılıb və treninqlər məzmun müxtəlifliyinə görə tamamilə bü günə qədər təşkil olunan təlimlərdən kəskin fərqlənib.
Seminar-treninqin fərli xüsusiyyətlərindən biri də ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələri ilə ümumtəhsil müəssisələrinin pedaqoji heyətinin terininqdə birgə iştirak etməsi olub.
Tədbirdə Təhsil Nazirliyinin pilot layihələrlə iş sektorunun müdiri Rüfət Əliyev, ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin məktəbəqədər təhsil üzrə sektor müdiri Nərminə Alnağıyeva da iştirak edib.
Tədbirdə Xətai rayonu 240 №li uşaq bağçasının müdiri Sədaqət Rəhimova, Yasamal rayonu 11 №li uşaq bağçasının müdiri Azadə Əhmədova, Bakı şəhəri Suraxanı rayonu 279 №li tam orta məktəbin direktoru Oqtay Səmədov, Gəncə şəhəri 21 №li tam orta məktəbin müəllimi Xumar Qurbanova, Şamaxı rayonu Laləzar kənd ümumi orta məktəbin müəllimi Xamid Kərimov, seminar-treninqin təlimçi heyəti və b. çıxış edərək, belə bir seminarın səmərəliliyini vurğulayıblar və bunun üçün Təhsil Nazirliyinə, Təhsil Problemləri İnstitutuna təşəkkürlərini bildiriblər.
Sonda Q.Novruzov təhsilin inkişafı istiqamətində göstərdiyi diqət və qayğıya görə, ölkə prezidenti İlham Əliyevə, həmçinin Təhsil Nazirliyinə, o cümlədən hər bir təhsil işçisinə və tədbir iştirakçılarına minnətdarlığı bildirib.
Tədbirin yekununda müdavimlərə sertifikatlar verilib.