XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2017 - 13:42

“Yanan bina” ilə bağlı həbs edilən şəxslərin apellyasiya şikayətinə baxılıb

5 nəfərin ölümünə səbəb olan yanğından sonra həbs edilən vəzifəli şəxslərin apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə bildirib ki, zərərçəkmişlər məhkəməyə müraciət edərək, binanın təmiri üçün dövlət büdcəsindən ayrılan pul mənimsənilib.

"Bizə müraciət edərək, təmirə və zərərçəkmiş şəxslərə kompensasiya ödənilməsi üçün ayrılan 8 milyondan çox dövlət vəsaitinin mənimsənildiyini və düzgün istifadə olunmadığını deyirlər. Bu məsələnin bizim baxdığımız cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Ona görə, biz bunu araşdıra bilmərik. Bununla bağlı istintaq orqanına müraciət edin"- deyə hakim müraciətə münasibət bildirərkən deyib.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən şəxslərin vəkilləri tərəfindən məhkəməyə bir sıra vəsatətlər daxil olub.

Təqsirləndirilənlərdən Miryusif Mahmudovun vəkilləri onun barəsində olan həbs qətimkan tədbirinin ləğvini, iclasın istintaqla aparılmasını istəyiblər. Həbsdə olan Uğur Bəşirovun vəkili də həbs qətimkan tədbirinin ləğvi ilə bağlı məhkəməyə vəsatət verib. Digər təqsirləndirilən şəxslərin vəkilləri isə məhkəmə iclasının qismən istintaqla aparılmasını istəyiblər. Amma məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin may ayının 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında üzlüklərin alışmasından sonra baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət almışdı.