XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

14 May 2017 - 11:22

Əli Həsənov:“Müsəlman ölkələrinin həmrəyliyinə həmişə maneçilik törədilib”

Mayın 13-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İran Qızıl Aypara Cəmiyyətinin prezidentinin müavini Həsən Səffariyənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Ə. Həsənov  görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edib, bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini önə çəkib.

Dünyada gedən proseslərə toxunan baş nazirin müavini qeyd edib ki, dünyada müsəlman ölkələrinin həmrəyliyinə həmişə maneçilik törədilib: “Ancaq buna baxmayaraq, bu ölkələr həmişə bir yerdə və həmrəy olmalıdırlar. Əgər bu gün dünyadakı münaqişə zonalarına baxsaq görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Dünyada bu ədalətsizliklər daim davam edə bilməz. Bu gün bizim problemin həll olunmasına dünya birliyi laqeyd yanaşır. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Azərbaycan prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman-islam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb. Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib”.

H. Səffariyə İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiyini nəzərə çatdırıb. Dünyanın 14-ə yaxın ölkəsində təşkilatın klinikalarının fəaliyyət göstərdiyini xatırladan H. Səffariyə gələcəkdə Azərbaycanda fəaliyyət sahələrinin daha da genişləndirilməsini vacib sayıb.

Görüşdə Tehran Qırmızı Aypara xəstəxanasının direktoru Həmid Çubine, onun müavini Haşimi Nəzəri Seyid Səid və Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Seyid Bəhmən Sobhani iştirak ediblər.  (APA)