“Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə, Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub”.
Strateq.az xəbər verir ki, bu sözlər bəzi kütləvi informasiya vasitələrində “Gizli dinləmələrin qalmaqalı” sərlövhəli sensasiya xarakterli materiala cavab olaraq, Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Məlumatda o da qeyd olunub ki, polkovnik Ağalar Manafovun Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur:
“Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə növbəti dəfə müraciət edərək, onları daha diqqətli və məsuliyyətli olmağa, yalan və şayiələri yaymamağa çağırır”.
Strateq.az