XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2015 - 13:08

“Azərinşaat”ın işçiləri öz gələcəklərindən nigarandırlar

 

Azərinşaatservis Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) 1000-dən çox maaş ala bilməyən işçisinə ən geci 2 gün sonra ödəniş ediləcəyi sözü verilib.

İşçilərindən biri Elməddin Ələkbərov deyib ki, onlara maaşların ödənilməsi üçün lazım olan məbləğin artıq banka köçürüldüyü xəbəri verilib.

Azərinşaatservis Azəryolservis Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəninin yenidən qurulması layihəsində subpodratçı şirkət olub.

Azəryolservis ASC-nin sözçüsü Anar Nəcəfli ötən həftə BBC Azərbaycancaya bildirib ki, subpodratçı şirkət görülmüş işlərə uyğun olaraq Azəryolservisə sertifikat təqdim etmədiyindən ödəniş gecikib. O əlavə edib ki, artıq sertifikat təqdim edildiyindən “ən geci 10 gün ərzində” maaşlar veriləcək.

Hərçənd işçiləri maraqlandıran digər məsələ hələ də qaranlıqdır. Onlar maaşlar ödəndikdən sonra işlə təmin olunub-olunmayacaqları ilə maraqlanırlar.

“Azəryolservis layihələri bizdən alır”, işçilər müsahibələrində deyiblər.

Cənab Nəcəfli isə bu iddia ilə razı deyil. O deyir ki, Azəryolservis son vaxtlarda Azərinşaatservisə yalnız bir layihə sifariş verib.

Bu, Ələt-Astara-İran İslam Respublikası tikinti yolunun A layihəsi olub. Layihəyə əsasən Azərinşaatservisə Masallı-Astara hissəsində 22 km yol tapşırılıb və bu müqavilənin vaxtı 30 iyunda bitib.

“Həmin qurum tərəfindən işlər tam yerinə yetirilmədiyinə və müqavilə vaxtı bitdiyinə görə ilkin müqaviləyə bizim tərəfdən xitam verilib”, Anar Nəcəfli deyib.

O bildirib ki, tender keçiriləcək və orda qalan iş başqa şirkətə təhvil veriləcək.

Azərinşaatservis MMC-nin işçiləri isə dörd aydır maaşlar almamaqlarının səbəbini şirkətin rəhbərliyinin həbs edilməsində görürlər.

Bu həbslər sentyabr ayında baş tutub. Mətbuatda yayılan məlumata əsasən, şirkət rəhbərliyi bankların birindən yüksək məbləğdə kredit götürərək qaytarmayıblar.

Şirkətin işçiləri bu günədək bir neçə dəfə şirkət qarşısında etiraz aksiyası keçiriblər. Oktyabrın 29-da isə onlar “Azərinşaat”ın binasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yürüş ediblər. Daha sonra isə nazirliyin önündən Prezident Administrasiyasına yürüş etməyə çalışan işçilərin qarşısını polis kəsib.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, işin bu qədər uzanmasına səbəb Azərbaycanda məhkəmə sisteminin “normal olmaması”dır.

“Bu tək aksiyalarla həll olunacaq məsələ deyil. Burada hüquqi məsuliyyəti üzərinə götürəcək adam lazımdır, amma hamı məsuliyyətdən qaçır. Azad məhkəmə də yoxdur ki, işçilər qrup şəklində məhkəmə yolunda müəyyən qərarlar alınmasına nail olsunlar”, deyə iqtisadçı bildirir.