Zakir Qaralov prokurorlara göstəriş verdi

Baş prokuror Zakir Qaralov bu gün Hacıqabul rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Strateq.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, qəbula yazılış qabaqcadan aparılıb, vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, prokurorluğun elektron poçt ünvanı vasitəsilə də qəbula yazılıblar.
Baş prokuror 20-yə yaxın vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak etmiş rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün tapşırıqlar verilib.