XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 18:14

“Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası” monoqrafiyası çapa hazırlanır –Detallar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası” monoqrafiyası çapa hazırlanır.

Bu barədə Strateq.az-a institutdan verilən məlumat görə, monoqrafiyanın müəllifləri institutun paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev, geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli və geologiya-mineralogiya elmləri doktoru Aydın Məmmədovdur. Topluda Naxçıvan ərazisində yayılmış paleozoy, mezozoy və kaynozoy dövrlərinin bütün sistem və mərtəbələri beynəlxalq stratiqrafik cədvələ uyğun olaraq təsvir edilir, həmçinin müxtəlif illərin elmi-tematik və geoloji-planaalma işləri nəticəsində ayrılmış yerli stratiqrafik vahidlərin təsviri və faunistik səciyyələndirilməsi aparılıb, müxtəlif yaşlı litoloji-stratiqrafik komplekslərin dayaq kəsilişləri verilib. Bundan əlavə, müxtəlif tədqiqatçılar tərəfindən toplanmış və yaşı təyin edilmiş zəngin fauna nümunələri müvafiq paleontoloji cədvəllərdə öz əksini tapır.

Naxçıvanın stratiqrafiyasını ilk dəfə Azərbaycan dilində işıqlandıran bu əsər elmi-tədqiqat müəssisələrində və istehsalatda çalışan aidiyyəti mütəxəssislər üçün lazımi məlumat bazasıdır və regionda aparılacaq gələcək tədqiqatlarda geniş istifadə oluna bilər. Kitabdan ali məktəblərin geologiya ilə əlaqəli fakültələrinin bakalavr və magistrantları da dərslik kimi faydalana bilərlər.

Nəşrin sonunda ingilis dilində verilmiş geniş icmal beynəlxalq geoloji ictimaiyyətin Naxçıvan ərazisinin yerli stratiqrafik bölgüsü ilə yaxından tanış olmasına və ətraf regionların stratiqrafik bölgüsü ilə uyğunlaşdırılmasına imkan yaradır.

Yaxın günlərdə GGİ-nin “Nafta-Press” nəşriyyatında monoqrafiyanın çapı nəzərdə tutulur.