Azərbaycan İyunun 1-də işə başlayan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna ötən illərdən fərqli olaraq yalnız bir şirkətdən ibarət nümayəndə heyəti göndərib.
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunmasından sonra rəsmi Bakı Moskvanın bu addımına soyuqqanlı münasibət göstərməkdə davam edir.
Qeyd edək ki, iyunun 1-də Sankt-Peterburqda XXI Peterburq Beynəlxalq İqtisadi Forumu başlayıb. Rusiya KİV-ləri xəbər verir ki, sessiya zamanı dünya iqtisadi trendləri, beynəlxalq gündəliyin əsas məsələləri müzakirə ediləcək. Forum çərçivəsində 100-dən çox tədbir keçiriləcək. Forumun işgüzar proqramı Rusiya, Avropa, Asiya, Amerika Birləşmiş Ştatları, Şimali və Latın Amerikasının 200-dən çox aparıcı mütəxəssislərinin iştirakı ilə hazırlanmışdır. Forumun işində Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedyev, nazirlər və Rusiya hökumətinin üzvləri iştirak edir. Forumda təxminən 12 min nəfər, o cümlədən 39 xarici ölkənin nazirləri və 870 şirkət rəhbərləri iştirak edir. Foruma BMT-nin baş katibi də gəlib.
Ötən il forumda Azərbaycan nümayəndə heyəti böyük tərkibdə iştirak etmişdi. Nümayəndə heyətinə iqtisadiyyat naziri Şahin Mustafayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər daxil idi.
Amma bu dəfə Azərbaycan üçün də əhəmiyyətli olan bir foruma yalnız SOCAR-ın nümayəndə heyəti qatılıb. Rusiya KİV-lərində bu barədə xəbərlər yoxdur, SOCAR-ın forumda təmsilçiliyini report.az saytı yayıb. Azərbaycan nümayəndə heyətinin 1997-ci ildən keçirilən Beynəlxalq İqtisadi Forumda təmsilçiliyinin məhz bu il yalnız bir şirkətin nümayəndə heyəti ilə məhdudlaşdırılması diqqət çəkir. Məsələn, Rusiya diplomatlarının Moldovadan qovulmasından sonra iki ölkə arasında ciddi narazılıq yaranmasına baxmayaraq, bu ölkənin prezidenti İqor Dodon Peterburqa gedib.
Prezident İlham Əliyev Peterburq İqtisadi Forumunda bir neçə dəfə iştirak edib. Rusiya tərəfi həm Ermənistanın sabiq, həm də indiki prezidenti ilə Azərbaycan dövlət başçısının görüşlərini bu forum vaxtı keçirib. Elə ötən il də iki ölkə prezidentləri arasında görüş iyunun 21-də Sankt-Peterburq forumundan dərhal sonra keçirilmişdi. Prezident İlham Əliyev Sankt- Peterburq forumunun uğurla keçirilməsi münasibətilə Vladimir Putini təbrik etmişdi. Prezident demişdi ki, Rusiyanın patronajlıq etdiyi forum bu illər ərzində qlobal siyasət və iqtisadiyyat məsələlərinin müzakirəsi və həlli üçün ən mühüm məkanlardan birinə çevrilib. Azərbaycan forumun işində fəal iştirak edir.
Bu il forumda təmsilçiliyin yalnız bir şirkət səviyyəsində məhdudlaşdırılması, nazir belə göndərilməməsi mümkündür ki, rəsmi Bakının narazılığının ifadəsi olsun. Azərbaycan iqtidarı bu cür tövrü sərgiləməklə, özünün haqlı mövqeyini və haqlı narazılığını ən yüksək səviyyə üçün nümayiş etdirmiş olur. Çünki Putin bu foruma ciddi əhəmiyyət verir və iştirakçı ölkələrin ən yuxarı səviyyədə təmsilçiliyinə çalışır. Bu səbəbdən də mesaj artıq Putinə ünvanlanmış sayılacaq.(Yeni Musavat)