XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 17:50

“O, bütün mənalarda nümunə idi…” – Əli Kərimli

“Bu gün çox ağır bir xəbər aldıq. Azərbaycan demokratik qüvvələrinin görkəmli nümayəndəsi, AXCP Ali Məclisinin sədri, fədakar cəbhəçi, ləyaqətli vətəndaş Həsən Kərimov dünyasını dəyişdi”.

Strateq.az xəbər verir ki, bu sözləri AXCP sədri Əli Kərimli deyib. 

O bildirib ki, Həsən Kərimov bütün şüurlu həyatını haqq uğrunda mübarizəyə həsr etmiş, səhhətinin ən ağır vaxtlarında da demokratiya və azadlıq uğrunda çarpışmış, heç vaxt mübarizədən geri çəkilməmişdi:

“O, Xalq Hərəkatını fəallarından olmuş, Azərbaycan Xalq Cəbhəsi yaranandan bu təşkilata qoşulmuş, özünün fədakar fəaliyyəti ilə bütövlükdə demokratik düşərgənin güclənməsinə, inkişafına tövhələr vermişdi.

Həsən bəy istər Xalq Cəbhəsi hakimiyyətdə olduğu aylarda işlədiyi icra başçısı kimi, istərsə də ondan sonra müxalif düşərgənin əsas funksionerlərindən biri kimi göstərdiyi fəaliyyətlə insanların yalnız rəğbətini qazanıb. Onun çalışqanlığı, dürstlüyü, prinsipiallığı mübarizə yoldaşlarına hər zaman nümunə olub.

O, bütün mənalarda nümunə idi. Heç zaman şəxsi mənfəəti və rahatlığı barədə düşünmədi, mübarizədən yayınmaq üçün bəhanə axtarmadı. Daim mübarizənin ən qaynar yerlərində, ön cəbhədə dayandı. Dəfələrlə əməliyyat olunmasına, iki övladının vaxtısz ölümü kimi bir sarsıntı keçirməsinə baxmayaraq, yenə ayaqda qalmağı, mübarizəsini davam etdirməyi bacardı.

Həsən Kərimov Azərbyacanın ləyaqət simvolu sayılacaq şəxsiyyətdir. Təkcə AXCP ailəsi yox, bütövlükdə ölkənin demokratik ictimaiyyəti, onu tanımış hər kəs Həsən bəylə qürur duyur, fəxr edirdi. O, ömür yolunu əsl vətəndaş, əsl insan, əsl ailə başçası kimi qət etdi.

Təəssüf olsun ki, Həsən bəy arzuladığı Azərbaycanda yaşaya bilmədi. Amma o həmişə bizim qəlbimizdə yaşayacaq. Onunla bağlı xatirələrimiz tükənməyəcək. O, həmişə bizim istinad yerimiz olacaq. Onun haqqında çox sözlər demək olar və çox sözlər deyiləcək, yazılacaq.

Azərbaycan daha bir ləyaqətli oğlunu itirdi. Başın sağ olsun, Vətən.

Allah sənə rəhmət eləsin, Həsən bəy. Qəbrin nurla dolsun”.