“Mərhum Heydər Əliyevlə mənim də görüşüm olub və o, partiya yaratmaq və hakimiyyətə gəlmək fikrində olmadığını deyirdi”.
Strateq.az bildirir ki, bu sözləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komissiyasının sədri Arif Rəhimzadə hakim partiyanın yaranmasının 23 illiyi ilə bağlı verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində bu partiyanın yaranması üçün ciddi əsaslar var idi: “1980-ci illərin sonlarında Azərbaycanda hakimiyyət boşluğu var idi. Nə Əbdürrəhman Vəzirov, nə də Ayaz Mütəllibov sözün əsl mənasında respublikaya rəhbərlik etmək iqtidarında deyildilər. 1992-ci ilin may ayında AXC-Müsavat cütlüyü hakimiyyətə gələndən sonra vəziyyət daha da pisləşdi. ölkədə dövlət strukturları iflic vəziyyətə gətirilmişdi. 1992-1993-cü illərdə hakimiyyət vəziyyətdən neçə çıxmağın yollarını bilmirdi”.
A. Rəhimzadə bildirib ki, o zaman parlamentdə bəzi deputatlar, həm də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Heydər Əliyevin hakimiyətə gəlməsi məsələsini qaldırırdılar. “Elə bir şəraitdə, 1992-ci ilin payızında mərhum Heydər Əliyevlə mənim də görüşüm olub və o, partiya yaratmaq və hakimiyyətə gəlmək fikrində olmadığını deyirdi. Ancaq Azərbaycan ağır vəziyyəti Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edirdi. Nəhayət, «91-lər»in müraciətindən sonra Heydər Əliyev bu partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün partiyamız qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi”,-deyə deputat bildirib.