XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

20 İyun 2017 - 21:15

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik –İki üzvünün səlahiyyət müddəti uzadılıb

Bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclasında Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında iştirakçı bankların nümayəndələrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Şuraya ABA tərəfindən üzvlər təyin edilib.

ABA-dan “APA-Economics”ə verilən məlumata görə, seçkidə 22 bank iştirak edib.

Səsvermə nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov və “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yenidən üzv təyin olunub.

Qeyd edək ki, iştirakçı bankların nümayəndələri onların yarısından çoxunun iştirakı ilə maliyyə bazarlarına nəzarət orqanın təşəbbüsü əsasında keçirilən yığıncaqda gizli səsvermə qaydasında iştirakçıların sadə səs çoxluğu ilə seçilir.

Himayəçilik Şurası Əmanətlərin Sığortalanması Fondunun ali idarəetmə orqanıdır. 7 nəfərdən ibarət olan Şuranın tərkibinə Mərkəzi Bankın 3, müvafiq icra hakimiyyəti orqanlarının 2 və iştirakçı bankların 2 nümayəndəsi daxildir. Himayəçilik Şurası Fondun təşkilati strukturunu, fondun illik büdcəsini, fondun qaydalarını təsdiq edir və qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri yerinə yetirir.

Əlavə edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.