XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

22 İyun 2017 - 15:56

“Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərində səhv və plagiatlıq halları var? –Nazirlikdən reaksiya

Təhsil Nazirliyi son günlər mətbuatda müzakirəyə çevrilən “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması ilə bağlı iddialara cavab verib.

Nazirlikdən Modern.az-a bildirilib ki, son günlər www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılan dərslik layihələri hələlik əlyazma şəklindədir və çap olunmayıb:

“Həmin dərslik layihələrinin ictimai müzakirəsi artıq başa çatıb və ictimaiyyət tərəfindən bildirilən bütün rəylər, irad və təkliflər həmin dərsliklərin nəşrə hazırlanması zamanı mütləq nəzərdən keçiriləcək. Eyni zamanda onu da ictimaiyyətin nəzərinə çatdırırıq ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 19-cu maddəsinə görə, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və ya müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə lazım olan həcmdə parçalar tədris xarakterli nəşrlərdə istifadə edilə bilər”.

Təhsil Nazirliyi bütün tərəfləri artıq arxada qalmış dərslik müsabiqəsinin “ehtiraslarını” və şəxsi maraqları bir kənara qoyub, səyləri şagirdlərin istifadəsinə veriləcək həmin dərsliklərin daha mükəmməl olmasına yönəltməyə çağırıb.

Qeyd edək ki, son günlər www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılmış “Şərq-Qərb” nəşriyyatının “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması barədə tarixçi alimlər Leyla Hüseynova, Qabil Hüseynov və digərləri tərəfindən iddialar səsləndirilib.

Onlar “Azərbaycan tarixi” dərslik layihəsini plagiat adlandırıblar.

Məsələyə dərslik layihəsinin həmmüəlliflərindən biri, təhsil eksperti Kamran Əsədov da münasibətini açıqlayıb.

O deyib ki, adını tarixçi qoymuş şəxslərin plagiat və müəlliflik hüququ haqqında qanunvericilikdən xəbərləri yoxdur: “Digər tərəfdən onlar qeyd edir ki, həmin dərsliyin müəyyən hissələri 6-cı sinif “Azərbaycan tarixi” kitabından köçürülüb və təhrif olunub. Həmin şəxslərdən heç biri kitabda müəlliflik hüququna malik deyillər.

Mənim müəllifi olduğum 10-cu sinif “Azərbaycan tarixi” dərsliyindəki bütün mövzular Elmlər Akademiyasının Tarix institutu tərəfindən təsdiq olunub. Ölkə başçımızın da redaktoru olduğu ensiklopediya və yeddi cildlik “Azərbaycan tarixi” dərsliyi əsasında formalaşıb. Yəni yazdığım kitabın bütün mövzuları AMEA tərəfindən təsdiq olunmuş dərsliklərdən götürülüb.

Həmin o iki şəxsin kitabları isə tarix kitabından çox, nağıl və ya gülməli lətifələr kitabına oxşayır. Onlar bacarırlarsa, dərslikdə elmi səhvləri ortaya qoysunlar”.